EN

Azərbaycanda bu il buğda istehsalının həcmində artım olacaqmı?

Azərbaycanda ərzaqlıq buğdaya illik tələbat təxminən 3 milyon ton olsa da, bunun ən yaxşı halda 40 %-i daxili imkanlar hesabına ödənilir. 

Rəsmi statistika isə ölkədə buğda istehsalının azaldığını göstərir. 

Belə ki, 2024-cü ildə Azərbaycanda 546,3 min hektar sahədən 1 milyon 685 min ton buğda yığılıb. 2023-cü illə müqayisədə buğda əkini sahələri 0,6 % artsa da, yığımın həcmi 8 % azalıb. Son nəticədə məhsuldarlıq 33,8 sentnerdən 30,9 sentnerə düşüb. 

Bəs bu il vəziyyyət necə olacaq? Ölkədə buğda istehsalı artacaqmı? "Report" məsələ ilə bağlı araşdırma aparıb. 

İqtisadçı-ekspert Xaliq Məmmədov deyir ki, 2021–ci ildən Azərbaycanda buğda əkini sahələrinin ölçüsündə qeyri-sabitlik müşahidə edilir. Onun sözlərinə görə, buna bir neçə amil, o cümlədən Rusiyadan taxıl məhsullarının kütləvi idxalı təsir edir: "İdxal yerli istehsalçıların rəqabət imkanlarını azaldır, fermerlər məhsullarını əlverişli qiymətə sata bilmirlər, son nəticədə onların buğda əkməyə marağı azalır. Ötən il fermerlər taxıl məhsullarını maya dəyərindən aşağı qiymətə satdılar və zərərə uğradılar. Ötən il buğda əkini sahələri artsa da, ümumi tendensiya azalma istiqamətindədir". 

Ekspertin fikrincə, buğda da daxil olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsalına təsir edən əsas amillərdən biri toxum və gübrə ilə təchizatdır: "Son iki il ərzində təchizatçı şirkətlərin sayı azalıb, bəzi şirkətlər müflisləşib. Bununla yanaşı, həm Rusiyada, həm də Avropada gübrənin qiyməti artıb. Logistika sahəsindəki pozuntular da gübrə və pestisidlərin bahalaşmasına səbəb olub. Hazırda bu məhsullar yüksək qiymətlərlə idxal edilir və şirkətlər gəlir marjasını nəzərə alaraq satış strategiyalarını müəyyən edirlər. Nəticədə istehsal xərclərinin artması taxıl məhsullarının maya dəyərinin yüksəlməsinə gətirib çıxarır”.

Ekspert əlavə edib ki, buğda və taxıl sahələrinə verilən subsidiyaların artırılmasına ehtiyac var: “Bu sahədə köklü islahat aparmaq lazımdır. Dövlətin tənzimləmə mexanizmi olmalıdır. Xüsusilə, taxıl məhsullarının fermerlərdən alışı mexanizminə ehtiyac var. Minimum alış qiyməti müəyyən edilməlidir. Belə olduqda, fermerlər məhsullarını məcbur olub ucuz satmayacaqlar, buğda əkininə maraqları artacaq. Bu il gözlənilən məhsuldarlığq gəlincə isə yaz əkinlərində iqlim şəraitinin əlverişli olması, aqrotexniki qulluq tədbirlərinin keyfiyyətli icrası məhsuldarlığın müəyyən səviyyədə sabit qalmasına imkan yarada bilər. Bununla belə, buğda istehsalında ciddi artım gözlənilmir. Məhsuldarlıq aqrotexniki qulluq qaydalarına və iqlim faktorlarına bağlı olaraq dəyişəcək". 

Bir sözlə, görünən odur ki, Azərbaycan yaxın illərdə buğda idxalından asılı olacaq. Bu arada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2024-2025-ci məhsul ilində dünyada buğda istehsalının həcminin 2023-2024-cü məhsul ilinə nəzərən 0,4 % artaraq 794 milyon ton, qlobal buğda ehtiyatlarının həcminin isə 3,4 % azalaraq 258 milyon ton olacağını proqnozlaşdırır. Nəticədə dünyada ehtiyatların istehlaka nisbəti 32,5 % təşkil edəcək. 

Chosen
24
report.az

1Sources