Yaxın həftələrdə İsrailin “New Med” şirkəti, Böyük Britaniyanın BP şirkəti və Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) ibarət konsorsium İsrail Energetika Nazirliyi ilə Aralıq dənizində İsrailin müstəsna iqtisadi zonasının I blokunda qaz axtarışı üçün müqavilə imzalayacaq.
İndex.az İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə “Globs” iqtisadi nəşr yazır.
Nəşrin məlumatına əsasən, I blok İsrail iqtisadi zonasının şimal-qərbində, Livan və Kipr iqtisadi zonaları ilə kəsişmə nöqtəsində yerləşir və “Kariş” və “Tanin” yataqları ilə həmsərhəddir.
Bildirilir ki, müqavilə Əbu-Dabi əmirliyinin ADNOC neft-qaz şirkətini də İsrail iqtisadi sularına gətirəcək. ADNOC daha əvvəl “Leviafan” yatağında pay almağa cəhd göstərmişdi.
Keçən il BP (51 %) və ADNOC (49 %) şirkətləri Misir, İsrail və Kiprdəki yataqların işlənməsi hüquqlarının verildiyi birgə müəssisə yaradıblar.
Qeyd edək ki, bu il yanvarın 31-də SOCAR “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində effektiv olaraq 10 % payın alınması üzrə müqavilə imzalayıb. Müqavilənin qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunur.
Bununla da SOCAR Aralıq dənizi hövzəsində apstrim sahəsində investisiya layihələrini həyata keçirməyə başlayır. SOCAR xarici ölkələrdə strateji aktivlərdə iştirak payının alınması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək.