EN

Azərbaycanda 21 yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ verilir

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycanda 21 yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ verilir.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin martın 7-də keçirilən iclasında müzakirəyə çıxarılmış Cinayət Məcəlləsinə və “Xidməti və mülki silah haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsi silahla, döyüş sursatı, partlayıcı maddələr və qurğularla davranma, onların dövriyyəsi sahəsində ictimai təhlükəsizliyin gücləndirilməsi məqsədi daşıyır.

Layihəyə əsasən, “Xidməti və mülki silah haqqında" Qanunun 2.1. 7-ci maddəsinin I hissəsinə "mülki silah" sözlərindən sonra "(odlu silah istisna olmaqla)" sözləri və "Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ vardır." məzmununda ikinci cümlə əlavə edilir.

Layihəyə əsasən, Cinayət Məcəlləsinin 228-ci maddəsinə təklif edilən dəyişiklikdə qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma həmin Məcəllənin qüvvədə olan 228.1-ci maddəsindən çıxarılaraq, bu əməlin ayrıca kriminallaşdırılması təklif edilir. Eyni zamanda, bu əmələ görə daha ağır sanksiya nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Chosen
23
azertag.az

1Sources