EN

Bakıda qadınların cəmiyyətdə roluna həsr olunan tədbir keçirilir

Bakıda Beynəlxalq Qadınlar günü münasibətilə “Güclü qadın, güclü cəmiyyət” şüarı altında başladılan yeni kampaniya çərçivəsində "Maneələri aşmaq və dəyişikliyə yol açmaq" adlı tədbir təşkil edilib.

“Report” xəbər verir ki, tədbir Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Belçika Krallığının Bakıdakı səfirliyi və Gənc Avropa səfirlərinin təşkilatçılığı ilə baş tutub.

Bildirilib ki, kampaniyanın məqsədi gender bərabərliyi və gender pariteti istiqamətində beynəlxalq səviyyədə əldə olunmuş irəliləyiş barədə məlumatlılığı artırmaqdır.

Əlilliyi olan şəxslərin çalışdığı sosial baxımdan inklüziv məkan olan "Kaşalata" kafedə keçirilən bu tədbirdə diplomatiya, STEM və incəsənət sahələrində qadınların dayanıqlılığı, liderliyi və cəmiyyətə təsiri vurğulanıb.

Panel müzakirəsi vasitəsilə diplomatlar, sənaye ekspertləri və rəssamlar də daxil olmaqla görkəmli qadın liderlər çətinliklərin öhdəsindən gəlmək, stereotipləri qırmaq və daha inklüziv gələcək formalaşdırmaqla bağlı təcrübələrini bölüşüblər.

Tədbirdə əsas mövzular diplomatiyada qadınlar, təmsilçilik və beynəlxalq münasibətlərdə dəyişikliklərə təsir etmək, STEM sahəsində qadınlar, Mədəniyyət sektorunda qadınların yaradıcı fikirləri, üzləşdikləri çətinliklərdən ibarət olub.

Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib ki, təmsil etdiyi qurum uzun müddətdir, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması səylərini yüksək səviyyədə dəstəkləyir:

“Biz inanırıq ki, qadınlar imkanlara, təhsilə və liderlik rollarına bərabər çıxış əldə etdikdə, cəmiyyətlər daha güclü, firavan, innovativ və dayanıqlı olur”.

Səfir qeyd edib ki, qadınlar kişilərlə bərabər hüquqlara malik olanda cəmiyyət daha da güclənir:

“Gender bərabərliyi iqtisadi və dayanıqlı inkişafa töhfə verən mühüm amillərdəndir. Gəlin, qadınların təsir gücünü artırmaq üçün çalışaq. Cəmiyyətin gücü qadınlardan başlayır, ona görə də qadınlar güclü olmalıdır”.

Foto: Samirə Həsənova

Chosen
102
22
report.az

10Sources