EN

Zenfira Mustafayeva: “Azərbaycan qadını bütün dünyada öz ləyaqətli yerini tapmalıdır”

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlama verib. O, ölkəmizdə qadınların cəmiyyətin bütün sahələrində fəallıq göstərdiyini vurğulayıb.

Zenfira Mustafayevanın sözlərinə görə, Azərbaycan qadını həm ailədə sədaqətli həyat yoldaşı və mehriban ana, həm də savadlı müəllim, alim, iqtisadçı və dövlət qulluqçusu kimi ölkənin inkişafına töhfə verir. Qadınlar ictimai-siyasi proseslərdə, quruculuq işlərində və qeyri-hökumət təşkilatlarında da fəal iştirak edirlər.

“Cəmiyyətimiz inkişaf etdikcə, qadınlarımız öz hüquqlarını daha yaxşı bilir və haqsızlığa, ailə daxili zorakılığa qarşı mübarizə aparırlar. Lakin erkən nikahlar, məişət zorakılığı, boşanmalar və iqtisadi problemlər kimi çətinliklər hələ də mövcuddur. Ölkə rəhbərliyi qadınların daha yüksək vəzifələrdə təmsil olunmasına və onların potensial gücünün ortaya çıxmasına xüsusi diqqət yetirir. Qadınların iqtisadi cəhətdən güclənməsi üçün bilik və bacarıqlarının artırılmasına yönəlik proqramlar həyata keçirilir,” – deyə Zenfira Mustafayeva bildirib.

O qeyd edib ki, Azərbaycan qadını bütün dünyada öz ləyaqətli yerini tapmalıdır: “Bütün qadınları bu əlamətdar gün münasibətilə təbrik edir və uğurlar arzulayıram. Biz qadınlar hətta səmanı da fəth etməyə qadirik.”

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
25
qht.az

1Sources