EN

İlqar Nadiri: “Müsbət nəticələrdə yeni rəhbərliyin rolu böyükdü”

Misli Premyer Liqasının XXV turunda “Kəpəz” öz meydanında “Neftçi”yə qalib gəlib – 1:0.

Görüşdən sonra Gəncə klubunun rəhbəri İlqar Nadiri İdmanxeber.az saytına müsahibə verib:

– “Neftçi” üzərində vacib qələbə qazandınız. Qalibiyyəti necə şərh edirsiniz?

Turnir cədvəlindəki mövqeyimizə baxsaq, indi bütün oyunlar vacibdi. Uşaqlar çox yaxşı döyüşdülər. Qələbə üçün meydana çıxmışdıq və bunu da futbolçular, komanda bacardı. Sonda istədiyimiz nəticəni əldə etdik.

– “Neftçi”ni 4:3 hesabı ilə məğlub etdikdən sonra ardıcıl 3 oyunda bu komanda ilə oyunlarınız uğurlu alınmadı. Sizcə, bu matçda nəyi dəyişə bildiniz?

Bununla bağlı oyunçularla danışmışdıq. Ardıcıl 3 matçdır “Neftçi”yə qarşı uduzurduq. Artıq bunu dəyişmək lazım idi. Komandada inam yaranmışdı. Meydanda çox yaxşı mübarizə apardıq. Oyun elə gedirdi ki, uduza da bilərdik və ya heç-heçə ola bilərdi. Çox şükür ki, qələbə qazandıq.

– Oyundan öncəki mükafat vədi nəticədən sonra dəyişdi?

Xeyr, bizim hələ yolumuz uzundu. Hələ futbolçular yaxşı mükafatlar alacaq. Qazandığımız müsbət nəticələrdə yeni rəhbərliyin rolu böyükdü. Komanda onların dəstəyini hiss edir və bu da onların qarşıdakı oyunlara yüksək motivasiya ilə köklənməsinə səbəb olur.

– Qış fasiləsindən sonra Premyer Liqada qalmaq üçün mübarizə apardığınız rəqiblər də aktivinə az xal yazdırmayıb. Söhbət “Səbail” və “Şamaxı”dan gedir. Bu, sizin üzərində gərginlik yaratmır?

Mübarizə davam edir. Çempionatın sonunda nəyin baş verəcəyini bilmirik. Hər bir komanda Premyer Liqada qalmaq istəyir. Biz özümüzü düşünməli, xallarımızı qazanmalıyıq. Bunun üçün də sona kimi mübarizə aparacağıq.

– “Səbail”lə xal fərqi dördə yüksəldi. Bu artıq sizin üçün yetərli nəticədir?

Xeyr, yetərli deyil. Arxayınlaşmaq olmaz. Bütün oyunlara həvəslə çıxmalıyıq. Hələ Premyer Liqada qalmağımız dəqiq deyil. Bu, tam rəsmiləşəndən sonra rahatlaya bilərik. Çünki 3 xallıq sistemdə hər şey dəyişə bilər. Unutmayaq ki, bizim hələ “Səbail”lə, “Sumqayıt”la oyunlarımız var.

– Azarkeşlərdən çox az sayda bəziləri sosial şəbəkələrdə sizlə bağlı neqativ paylaşımlar edir. Bunlar sizə necə təsir edir?

Biz öz işimizə baxırıq. Elə yazılar bizi daha da gücləndirir. Önəmli olan nəticələrdi. Çalışırıq ki, “Kəpəz” Premyer Liqada yerini qorusun. Artıq üçüncü mövsümdür ki, buna yaxınıq. O yazılara fikir versək, işimizi görə bilmərik. Bu, qeyri-peşəkarlıq olar. Bizim üçün əsas olan komandanın nəticələridi. Bu gün vacib olan məsələ müsbət nəticələr qazanmaqdı.

– Həmin azarkeşlər də “Kəpəz”in yanında olsalar, daha güclü olmazmı komanda?

Bu gün bizə dəstək olan azarkeşlər var. Onlar həmişə bizim yanımızdadır. Qarda, soyuqda hər zaman stadionda olurlar. Bu bizim üçün çox önəmlidir. Biz onları, komandanı sevən azarkeşləri fikirləşirik. Əlbəttə, kimlərinsə neqativ fikirləri ola bilər. Amma biz öz işimizi görməyə çalışırıq.

– Hər zaman Tovuzda və Gəncədə çalışmağın çətin olduğu deyilir. Həqiqətən belədirmi?

Bəli, çətindi. Çünki klubun tarixi, yaxşı nəticələri var. Azarkeşlər də hər zaman bunu tələb edir. Biz də bunu anlayırıq, başa düşürük. Bilirik ki, Gəncədə döyüşkən, yuxarı sıralara oynayan bir komanda olmalıdır. Təəssüf ki, 3 ildir büdcə ilə, şəraitsizliklə bağlı kənar meydançalarda oynayırıq. Bu vəziyyət doğurdan da komanda üçün çox çətinlik yaradır.

– “Kəpəz” 3 ildir büdcə və şərait baxımından çətinlik çəksə də, Premyer Liqada qala bilir. Klubla bağlı daha böyük hədəfləriniz varmı?

Gələcəklə bağlı artıq bilirsiniz ki, klubda maliyyə imkanları genişlənəcək. Yeni yaradılacaq Müşahidə Şurası komandaya lazımı dəstəyi göstərməyə hazırdı. Bunun üçün mütləq Premyer Liqada qalmalıyıq. Gələn mövsümün planlarını növbəti ildə yeni rəhbərliklə müzakirə edəcəyik. Əlbəttə ki, klubun fərqli hədəfləri, strategiyası olacaq. İnanırıq ki, “Kəpəz”in adına layiqli komanda formalaşdıracağıq.

– Çətin günlərdə klubu Premyer Liqada saxlayan rəhbər olaraq yaxşı günündə komandadan gözləntiniz nədi ?

İnşallah, hər şey yaxşı olacaq (gülür). Zamanla hər şey öz yolunu tapacaq. Hazırda məqsədimiz bundan öncəki iki ildə olduğu kimi komandanı çempionatda saxlamaqdı.

Chosen
10
idmanxeber.az

1Sources