EN

Qərb Rusiya-Ukrayna savaşında kiminsə qalib olmasını istəmir - ŞƏRH

"Dövlət olaraq hansı məsələlər ABŞ-nin, onun iqtisadiyyatının xeyrinədirsə, Donal Tramp məhz onları qabardır və ona uyğun yanaşma sərgiləyir. Yəni hər hansı ideologiya Trampa təsir göstərmir".

Bu barədə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Sabiq nazir vurğulayıb ki, bu yanaşma Ukrayna-Rusiya müharibəsinə də aiddir:

"İndiki mərhələdə nə Rusiya, nə də Ukrayna öz məqsədlərinə çata bilər. Burada haqlı-haqsız məsələsinə toxunmaq istəmirəm. Çünki geopolitik təhlillərdə emosional yanaşma olmamalıdır. Amma indiki şəraitdə yüz il də müharibə getsə, hədəflərə çatmaq qeyri-mümkündür. Bəlkə Rusiya hərbi məsələlərdə üstünlük əldə edir, amma Moskvanın istəyi fərqlidir. Rusiya istəyir ki, təkcə işğal olunmuş ərazilərdə yox, ümumiyyətlə Ukraynada elə şərait yaransın ki, Kremlin geopolitik baxışlarına, ideologiyasına uyğun gəlsin. Rusiyanın məqsədi Ukraynanın fraqmentasiyası, yəni bölünməsidir. Hələ müharibədən öncə hamı anlayırdı ki, Ukrayna sanki üç hissədən ibarətdir - rusdilli şərq hissəsi, qarışıq mərkəz və bir də Avropaya yaxın qərb hissəsi. Rusiya özünə yaxın bölgələri Ukraynadan ayırmaq niyyətindədir".

T.Zülfüqarova görə, Ukraynanın məqsədi isə o idi ki, heç olmasa 1991-ci ilin sərhədlərini bərpa etsin, işğalın nəticələrini aradan qaldırsın:

"İndiki mərhələdə bu mümkün deyil. Ona görə ki, Ukraynanın müttəfiqi Qərb artıq lazımi səviyyədə silah və maliyyə dəstəyi göstərmir. Hətta Trampın qərarından əvvəl Bayden hökuməti də yardımları dondurmuşdu. O da aydındır ki, Ukraynanın müttəfiqi Qərb bu savaşda kiminsə qalib olmasını istəmir. Qərbin məqsədi münaqişə yaratmaq və həmin münaqişə vasitəsi ilə həm Rusiyaya təzyiq göstərmək, həm də Ukraynanı əldə saxlamaqdır. Bu mexanizmi həyata keçirən Qərb öz məqsədinə çatdığını zənn edir".

Tofiq Zülfüqarov: Zelenski üçün problem odur ki, nə Putin, nə də Tramp onu siyasətdə görmək istəyir

Ekspert qeyd edib ki, Trampın təklif etdiyi atəşkəs rejimini əks etdirən sənəd sayəsində siyasi məsələləri həll etmək mümkünsüzdür:

"Bu sənəd prosesin dondurulmasına hesablanıb. Ukrayna haqlı olaraq sual edir ki, bəs onların problemi necə həll olunacaq? Törədilən hərbi cinayətlərə görə cəzalandırılan olacaqmı? Əslində bu da emosional yanaşmadır. Ancaq onları başa düşməliyik. Çünki bizim də torpaqlarımız uzun müddət işğal altında qalıb. Amma burada hələlik başqa nəticənin əldə olunması inandırıcı görünmür. Ən azından atəşkəsin özü belə indiki halda müsbət nəticədir”.

Müsahibimiz vurğulayıb ki, zəfər olmasa da, fəlakətin qarşısını almaq mümkündür. Dediyinə görə, Zelenski üçün problem odur ki, nə Putin, nə də Tramp onu siyasətdə görmək istəyir:

“Ukrayna daxilində də bir çox siyasi qüvvələr Zelenski dövrünün sona çatdığını düşünürlər. Atəşkəsdən sonra seçkilərin keçirilməsi ehtimalı yüksəkdir. Zelenski də başa düşür ki, onun siyasi gələcəyi yoxdur. Görünür, Zelenski də hakimiyyəti vermək istəmir".

Aydın Baxış

Chosen
21
bakivaxti.az

1Sources