EN

Bakıda qadın günündə bazardakı bayram: Xanımını sevən kişi ona bu gülü alır - REPORTAJ

Bayram ərəfəsində adətən ticarət və xidmət sektorunda canlanma müşahidə olunur. 

Sabah isə 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Qadınlar bayramında xüsusilə gül, şirniyyat, parfümeriya və hədiyyəlik məhsullara tələbatın artması qiymətlərin yüksəlməsi ilə özünü göstərir. Bayramda alıcıların marağı əsasən güllərə olur. Bu səbəbdən şəhərdəki gül dükanlarına, metroətrafı səyyar satış obyektlərinə baş çəkdik və qiymətlərlə tanış olduq. 

“Cebheinfo.az” bayramla əlaqədar qiymətlər və bazardakı vəziyyət barədə məlumatı təqdim edir. 

5 manatlıq gül

Belə ki, mağazalarda və metro ətrafındakı səyyar satış obyektlərində güllərin qiymətləri demək olar ki, eynidir. 

Məsələn, qızılgüllərin bir ədədinin qiyməti 5-7 manat arasında dəyişir. Yerli qızılgül 5 manata, Hollandiya qızılgülü isə 7-8 manata satılır. Bazarda rəngli qızılgülə  tələbat var. Tulpanların qiyməti isə əsasən 3 manatdır. Hazır buketlər də satışdadır. Üç ədəd qızılgüldən ibarət buketlər 25 manata, beş ədədlik buketlər isə 35 manata təklif olunur. Normal günlərdə isə bu buketlər müvafiq olaraq 20 və 30 manata satılırdı. Bayramla əlaqədar buketlərin qiymətində təxminən 5 manat artım müşahidə olunur. 

Başqa bir səyyar satıcıdan aldığımız məlumata görə, tək qızılgülün sellofan bükümdə qiyməti 5 manatdır. Qutuda ayıcıqların qiyməti 10 manat, bükülmüş ayıcıqlar isə 8 manatdır. Gül dükanlarında şokoladla bəzədilmiş güllər 60-70 manat arasında dəyişir. 

Qadınını sevən kişi ona bu gülü alır

Bazarda maraqlı bir tendensiyanın da şahidi olduq. Öyrəndik ki, kala gülünün ağ rəngi qadın xoşbəxtliyini, qırmızı rəngi isə kişi xoşbəxtliyini ifadə edir. Satıcıların sözlərinə görə, qadınını çox sevən şəxs ağ rəngli kala, kişisini sevən isə qırmızı rəngli kala alır. Satıcıların fikrincə, güllərin qiymətində ciddi bahalaşma yoxdur. Onlar hətta qiymətlərdə endirim etdiklərini vurğulayıblar. Lakin bəzi satıcılar martın 8-də müəyyən artımın olacağını qeyd ediblər. 

Ətirlər ucuzlaşıb

Bəzi suvenir satıcıları kiçik hədiyyələri 3-12 manata təklif edirlər. Şüşə içində işıqlı güllər əvvəl 20 manata satılırdısa, hazırda endirimlə 14 manata təklif olunur. Bundan əlavə, bəzi ətirlərdə də endirimlər var. Məsələn, 25 manatlıq ətirlər 10 manata, 15 manatlıq kiçik ətirlər isə 5 manata düşüb. Satıcılar alverin zəif olduğunu qeyd edirlər. Ümidlərini isə sabaha bağlayıblar.

Chosen
17
cebheinfo.az

1Sources