EN

BMU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub - FOTOLAR

Bakı Mühəndislik Universitetində (BMU) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilən konsert proqramı təşkil edilib. 

"Unikal" xəbər verir ki, tədbirdə rektor Yaqub Piriyev bayram münasibətilə universitetin xanım əməkdaşlarına səmimi təbriklərini çatdırıb. Azərbaycan qadınının hər zaman fədakarlıq və ləyaqət nümunəsi olduğunu deyən rektor xanımların ailə institutunda başlıca rolunu, şəfqətliliyini, cəmiyyətdəki fəal mövqeyini, idarəetmə sahəsində potensialını, liderlik bacarığını vurğulayıb. Yaqub Piriyev mürəkkəb situasiyalarda Azərbaycan qadınının mətanətini, əzmini, qürurunu önə çəkib, Vətənin qorunmasına, şəhidlik zirvəsinə ucalmağa hazır övladlar yetişdirən qadınlarımızla hər zaman fəxr edildiyini deyib.

Ölkəmizdə qadın siyasətinin fundamental əsaslarının Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edən rektor xanımların ictimai-siyasi, mədəni həyata verdiyi töhfələrin, Azərbaycanı hər zaman beynəlxalq aləmdə layiqincə təmsil etmələrinin qürurverici olduğunu bildirib.     

Rektor Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycan qadınlarının mühüm dövlət vəzifələrinə irəli çəkildiyini söyləyərək, bunu onlara göstərilən diqqət və böyük etimad adlandırıb. Habelə Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu fəaliyyətini, milli-mənəvi dəyərlərin qorunması istiqamətində davamlı səylərini, sosial sahəyə tükənməz qayğısını Azərbaycan qadınlarının potensialının, yüksək keyfiyyətlərinin, humanizminin bariz nümunəsi kimi qeyd edib.

Yaqub Piriyev çıxışında BMU-da çalışan əməkdaşlar arasında qadınların çoxluq təşkil etdiyini, gələcəkdə onların universitet həyatında rolunun artması üçün müvafiq addımların atılacağını da nəzərə çatdırıb.

Sonra BMU-nun Bədii yaradıcılıq bölməsinin hazırladığı konsert proqramı yerli və əcnəbi tələbələrin ifasında musiqi nömrələri, rəqs, eləcə də səhnəciklərlə davam edib.


 

Chosen
32
4
unikal.az

4Sources