EN

Psixoloq boşanmalardan danışdı:“Sanki “evcik-evcik” oynayırlar”

“Son illər gənclər ən xırda səbəblərə görə boşanırlar”. 

Bu sözləri sosial psixoloq, ailə məsləhətçisi İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, gənclərin əksəriyyəti ailəyə qarşı çox məsuliyyətsiz davranır: 

“Həmçinin, indiki gənclər dözümlü də olmurlar. Onların bir çoxu hər şeyi asan əldə edir. Valideynlər uşaqlarının əziyyət çəkməməsi üçün hər şeyi onlar üçün özləri edirlər. Nəticədə həmin uşaqlar böyüyəndə məsuliyyət hiss etmirlər. Yəni düşünmədən, ani qərarla və ya valideyn istəyi ilə ailə həyatı qururlar. Eyni zamanda, gözəlliyə aşiq olduğu və ya maddi mənafe üçün evlənənlər də az deyil. Bütün bunlara görə gənclər bir-birini tam sevmədən və dəyər vermədən evlənirlər. Həmin yeni ailələrdə sevgi bağlılığı da çox aşağı dərəcədə olur”. 

Psixoloq qeyd edib ki, sosial şəbəkələrin və serialların da buradakı rolu çox böyükdür: “Bəzi gənclər sosial şəbəkələr və seriallarda gördükləri həyatı yaşamaq istəyirlər. Elə bilirlər ki, hər şey sosial şəbəkələrdə və ya seriallardakı kimidir. Hətta boşandıqları təqdirdə o cür həyatda yaşayacaqlarını zənn edirlər. Müasir dövrdə sosial şəbəkələrə görə evlənənlərin sayı kifayət qədər yüksəkdir”. 

Həmsöhbətimiz onu da əlavə edib ki, bəzi insanlar uşaqlıqdan hər şeyi rahat əldə etdikləri üçün məsuliyyət hiss etmirlər: “Onlar böyüyəndə də ata-analarına arxayın olurlar. Hətta dünyaya gətirdikləri uşaqlarına belə özləri yox, valideynləri baxır. Belə insanlar psixoloji olaraq stressə dayanıqsız olurlar və fərd kimi yetişmirlər. Üstəlik, evlənmə qərarını belə özləri yox, onların əvəzinə valideynləri verir. Həmçinin, belə gənclər gələcəkdə valideyn olmaq məsuliyyətini də dərk etmirlər. Belə gənclər doğulan uşaqlarını küçələrə və ya zibilliyə atırlar. Bəziləri isə övladlarını uşaq evlərinə qoyurlar. Özləri isə heç nə olmamış kimi həyatlarına davam edirlər”. 

Ekspertin sözlərinə görə, ailə şəxsi istəkdən çıxaraq “biz” anlayışına keçməlidir: “Məsələn, bir bəy əvvəl çayxanada dostları ilə çox vaxt keçirirdisə, evlənəndən sonra bunu davam etdirməməlidir. Lakin bu cür davam edə biləcəyini düşünür. O, ailə məsuliyyətini, ər və ata kimi öhdəlikləri olduğunu da bilməlidir. Həmçinin, xanımlar da evdəki öhdəliklərini dərk etməli və ona uyğun davranmalıdırlar. Amma buna baxmayaraq, gənclər ailədə xırda əziyyət belə çəkmək istəmirlər”. 

İlhamə Mustafayeva diqqətə çatdırıb ki, evlənmək şəxsi istəkləri tamamilə məhdudlaşdırmaq deyil: “Lakin indiki gənclərin çoxunda ailə anlayışı yoxdur. Hər kəs fərd kimi xoşbəxt olmaq istəyir. Adi elemantar sözə və ya diqqətsizliyə görə belə çıxıb gedə bilirlər. Ailəni dağıtmaq artıq çox asandır. İnsan şəxsiyyət kimi formalaşmalı və psixoloji olaraq sağlam olmalıdır. Təəssüf ki, artıq ailə bir oyuncağa çevrilib. Gənclər sanki “evcik-evcik” oynayırlar. Hətta 6 aya və ya 1 ilə ailəni dağıtmağı çox normal hesab edirlər. Yəni ailəni öz şəxsi istəklərinə və eqolarına qurban verənlər kifayət qədər çoxdur”. 

Chosen
35
1
cebheinfo.az

2Sources