EN

Bizim ərlərimiz arvad sözünə baxmır-Sultanağa xatun

Azərbaycan tarix boyu qadına verilən dəyər və münasibət müxtəliflik kəsb etmişdir. Bəzi ümumi məfhumlar onunla xüsusiləşdirilmişdir, misal üçün, böyüyüb boya başa çatdığmız torpağa “ana vətən, ana torpaq” demişik. Tariximizdə yüzlərlə qadın adını çəkmək olar ki, bu gün də onların adı çəkiləndə hər bir kişi ayaq üstü duraraq onu ehtiramla yad edir.
Bu gün Sizlərə tariximizdə böyük xeyriyyəçi və Ana obrazı ilə qalan, lakin adı az-az çəkilən bir xanımı tanıtmaq istəyirəm.
Qədəməli Sultan xanım, Sultan Ağa xanım kimi tanınan Səfəvi şahı I Təhmasibin xanımı, Pərixan Sultan və şahzadə Süleyman Mirzənin Anasıdır.
1547-ci ildə Şah Təhmasib ilə ailə quran Sultanağa xanım Osmanlı sarayındna fərqli olaraq dövlət işlərinə qarışmayıb. Sultan Ağa öz dövrünə görə çox savadlı qadın idi. O, övladlarını böyütmək və oxutmaqla yanaşı, gərgin saray həyatı keçirdi və oğullarını Səfəvi taxtına yüksəltmək ambisiyaları yox idi.
Dövlət işlərində daha fəal olan Şah İsmayılla Taclı bəyimin qızı, şah Təhmasibin ögey bacısı olan Məhinbanu sultan Banui Dövran Bilqüszamani ilə yaxşı münasibətləri olub.
Sultanım xatun öz gözəlliyi ilə məşhur olmuş, xeyriyyə işləri ilə şöhrət qazanmışdır. O, Azərbaycanın Təbriz, Naxçıvan, Əhər və başqa şəhərlərində kasıblar, aclar və evsizlər üçün sığınacaqlar açıb.
Qeyd edim ki, Sultan Süleyman və Şah Təhmasib arasında münasibətlər normal sayılmırdı. Sultan Süleyman ona çox təzyiq edirdi lakin buna baxmayaraq Şah türk kimliyini önəmli sayırdı.
Osmanlı ordusunun Azərbaycana dördüncü yürüşü zamanı Şah Təhmasib əmir Həsən bəy Yüzbaşının Osmanlı ordusuna hücum etmək barədəki təklifinə şah razı olmamış,”mən qəfildən onlara hücum edib, qanlarına bais ola bilmərəm” demişdir.Lakin Təbrizin osmanlı tərəfindən yandırılmasından sonra I Təhmasib Sultan Süleymana belə bir məktub göndərdi :
“Mənə yazdığın “mən hər dəfə sənin məmləkətinə hücum etdimsə də, sən qarşıya çıxmadın və bizimlə bacarmağa qüvvəm çatmır” kimi yava sözlərinə qarşı bildirirəm ki, adlı-sanlı sultanlar vədünya xaqanları heçdə mərdliyi, mərdanəliyi, igidliyi və müdrikliyi sənə şamil etmirlər, çünki sən heç vaxt igidlər səfindən olmamısan, müdirklik və mərdanəlik etməmisən, həmişə şədəbazlıq və atəşbazlıq edərək, üzü çadralı qadınlar kimi qala içərisində oturmusan və üç yüz min namərdi də meydanda məhbus vəziyyətində saxlayaraq, onların ətrafını zəncirləmisən. Şücaət və igidlik bizə böyük əcdadlarımızdan və atamızdan – Ulu Xaqan İsmayıldan miras qalmışdır!”
Öz sözünün sahibi olan I Təhmasib Qoyunçay yaxınlığındakı döyüşdə Osmanlılara ağır zərbə vurandan sonra diplomatik danışıqlar başlayır və bu işə Sultanın xanımı, tarixin ən zidiyyətli xanımlarndan biri Hürrəm Sultan da qoşulur.
Xürrəm Sultan Səfəvi Şahı Təhmasibin həyat yoldaşı Qədəmli Sultan Xanıma məktubunda yazır:
“Ərinizə deyin ki, bu savaşları dayandıraq və sülh olsun”.
Təhmasibin həyat yoldaşının, Şahbanunun Xürrəm Sultana cavabı çox orijinaldır:
“Bizim ərlərimiz arvad sözünə baxmır. Yaxşı olardı ki, bu məktubu onun bacısına yönəldəsiniz”.
Osmanlı-Səfəvi münasibətlərinin XVI əsr tarixi barədə müasir tarixşünaslıqda belə bir fikir var ki, ilk Osmanlı-Səfəvi sülh müqaviləsi Səfəvilərin sülh üçün yalvarması olub. Lakin sülh üçün ilk müraciət Osmanlı tərəfindən olmuşdu. Hürrəm Sultanın məktubu da buna sübutdur.
Sultan Süleymanın vəziri sülh üçün Səfəvi sarayına gedib gəlirdi. 9 may 1555-ci ildə iki dövlət arasında ilk sülh müqaviləsi Amasyada imzalandı.
Sultanağa xatun 14 fevral 1596-cı ildə rəhmətə gedib.
Zaur Əliyev, dosent

Chosen
72
veteninfo.az

1Sources