EN

Paşinyan birini seçməlidir: Ya sülh müqaviləsi bağlamalı, ya da...

“Ermənistan Respublikası üçün Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən keçən yolda üçüncü qüvvələr barədə danışmaq qəbuledilməzdir”. 

Baş nazir Nikol Paşinyan İran İslam Respublikasının dövlət televiziyasına müsahibəsində belə deyib. 

Jurnalistin bəzi ölkələrin, üçüncü dövlətlərin və ya BMT-nin bu kəsişmədəki yollara nəzarət etməli olduğu barədə sualına Paşinyan belə cavab verib: 

“Əgər biz bayaq haqqında danışdığım prinsipləri - suverenliyə, yurisdiksiyaya, ərazi bütövlüyünə tam hörməti tərcümə etsək, bu o deməkdir ki, üçüncü qüvvələr haqqında danışmaq Ermənistan Respublikası üçün qəbuledilməzdir. Hər halda, biz belə bir ehtiyac görmürük və belə bir ehtiyac yoxdur. Bir daha  deyəcəm, baxın, bu barədə çox danışılır və bəzi fərziyyələr var. 

Amma bir daha vurğulamaq istəyirəm ki, Ermənistan Respublikası heç vaxt yazılı və ya şifahi heç bir öhdəlik götürməyib və heç bir şifahi razılaşma əldə etməyib, nə nəqliyyat kommunikasiyalarının məntiqində, nə də başqa məntiqdə ərazimizdəki suverenliyimiz, yurisdiksiyamız, ərazi bütövlüyümüzün hər hansı şəkildə məhdudlaşdırılması ilə razılaşıb. Bu məsələ ilə bağlı hər hansı iddia olsa belə, bu iddiaların heç bir əsası və reallıqla heç bir əlaqəsi yoxdur”.

Nikol Paşinyanın üçüncü qüvvələrin Ermənistan ərazisindən keçən yollara nəzarət etməsi barədə suala sərt reaksiya verərək bunu “qəbuledilməz” adlandırmaqla konkret siyasi mesajlar verib. 

Belə bir razılaşmanın 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatda əks olunduğunu nəzərə alsaq, Paşinyanın məhz Moskvanın ünvanına işarə etdiyi aydın olur. 

Çünki adıçəkilən sənəddə Rusiya üçüncü tərəf kimi iştirak edib. 10 noyabr Bəyanatının 9-cu bəndinə görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları həyata keçirməlidir. Ermənistan ərazisindən keçən nəqliyyat-tranzit yollarının təhlükəsizliyinin üçüncü dövlət tərəfindən təmin edilməsi barədə başqa sənəd mövcud deyil. 

Bu baxımdan, Paşinyan Ermənistanın 10 noyabr Bəyanatının 9-cu bəndini heç vaxt qəbul etməyəcəyinə eyham vurur. Halbuki, sözügedən razılaşma müddətsiz xarakter daşıyır və Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Rəsmi İrəvanın son 4 il 5 ay ərzində bu öhdəlikdən qaçması Rusiya qoşunlarının nəqliyyat yollarına nəzarət etməsinə etirazı ilə bağlıdır. 

Xüsusilə də Rusiya qoşunlarının Ermənistanın xarici sərhədlərindən çıxması Paşinyanın 10 noyabr Bəyanatının icrasından yayınması üçün əlavə imkanlar yaradılıb. Nikol Paşinyan hakimiyyəti hesab edir ki, qeyd edilən razılaşmaya uyğun şəkildə Rusiya hərbçilərinin Zəngəzurda yerləşməsi eksterritoriallığa, yəni dəhlizin yaranmasına səbəb ola bilər. 

Paşinyanın mövqeyinə görə, dəhlizin keçdiyi ərazidə Ermənistan qanunları işləməyəcək. İrəvan bu halda Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulacağını iddia edir. Yəni Paşinyan dolayısı ilə Rusiya qoşunlarının Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasındakı nəqliyyat əlaqəsinə nəzarət etməsini Ermənistanın dövlət suverenliyinə, ərazi bütövlüyünə və yursdiksiyasına zidd hesab edir. 

Nikol Paşinyan beləliklə, Zəngəzur dəhlizinin açılmasına razı olmayacağı barədə ikinci mesajını verir. Əslində, nəqliyyatın hərəkətinə nəzarət məsələsi daha çox Ermənistan və Rusiya arasında müzakirə predmetidir və öhdəliyin icrasına mane olmamalıdır. 

Nikol Paşinyan hökuməti Azərbaycandan-Azərbaycana maneəsiz keçidi təmin etməlidir. Lakin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadığına görə təhlükəsizliyin üçüncü tərəfin iştirakı ilə təmin olunmasına ehtiyac qalır. Sülh müqaviləsi olmadığı təqdirdə, müharibə riskləri davam edir. Bu isə Zəngəzur dəhlizindən istifadə edən Azərbaycan vətəndaşları üçün ciddi təhlükə deməkdir. 

Hətta Nikol Paşinyan martın 4-də Ermənistan mətbuatda dərc etdiyi məqalədə Azərbaycanın qərb hissəsindən Naxçıvan MR-a və əks istiqamətdə hərəkətin təhlükəsizliyinin təmin edilməsinə dair hər hansı razılaşmanı imzalamadığını bildirib. Bununla da Paşinyan hərəkətin təhlükəsizliyinə zəmanət vermədiyini deyib. Halbuki, Ermənistanın Baş naziri 10 noyabr Bəyanatının 9-cu bəndində vətəndaşların, nəqliyyat vasitələrin və malların təhlükəsizliyinə zəmanət verməsi barədə öhdəliyə imza atıb. 

Üçüncü qüvvələrin iştirakı olmadan qeyri-sülh şəraitində Ermənistan ərazisindən nəqliyyat əlaqəsinin təhlükəsiz təmin olunması qeyri-mümkündür.

Ona görə də Ermənistan ya sülh sazişi imzalamalı və təhlükəsizliyi təmin edəcəyinə dair öhdəlik götürməlidir, ya da 10 noyabr Bəyanatına əməl edərək üçüncü qüvvələrin iştirakına şərait yaratmalıdır. 

Chosen
16
cebheinfo.az

1Sources