EN

Birinci vitse-prezident Mehriban Əliyevanın Gəncə şəhərinə səfərinin potensial əhəmiyyəti - ŞƏRH

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Gəncə şəhərinə səfəri müxtəlif aspektlərdən əhəmiyyətlidir. İlk növbədə,  bu səfər Azərbaycanın regionlarında baş verən inkişaf proseslərinin və ölkənin siyasi, iqtisadi və sosial sahələrindəki prioritetlərinin təbliği baxımından əhəmiyyətlidir. Regionların inkişafı, mədəniyyət və təhsil sahəsindəki təşəbbüslər, sosial xidmətlərin gücləndirilməsi, yerli xalqla yaxınlıq, dini tolerantlıq və birlik mesajı, dini və mədəni irsin qorunması, İslam dəyərlərinə hörmət, ictimai əlaqələrin gücləndirilməsi Birinci vitse-prezident Mehriban Əliyevanın Gəncə şəhərinə səfərinin məqsədini və əhəmiyyətini xarakterizə edir. 

“Xalq qəzeti” xəbər verir ki, bu fikirləri filologiya elmləri üzrə fəlsəfə doktoru, media tədqiqatçısı və eksperti, analitik, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşid söyləyib.

Analitik bildirib ki, Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti olaraq, ölkənin müxtəlif bölgələrindəki infrastruktur layihələrinin izlənilməsi və inkişaf etdirilməsi istiqamətində fəallıq göstərir. Gəncə şəhərinə səfəri bu baxımdan regionda həyata keçirilən infrastruktur və sosial layihələrin davamlılığını təmin etmək məqsədi daşıyır. Mehriban Əliyeva digər regionlara olan səfərləri kimi, Gəncə şəhərinə səfərində də əhali ilə birbaşa ünsiyyət qurub, onların problemini dinləyib və bu problemlərin həllinə dair addımlar atılacağını vurğulayıb. Bu, həm də Birinci vitse-prezidentin xalqla əlaqəsinin gücləndirilməsi və hökümətin yerli səviyyədəki təşəbbüslərinin dəstəklənməsidir. 

“Birinci vitse-prezident Mehriban Əliyeva regional səfərlərində mədəniyyətin və təhsil sahəsinin inkişafına xüsusi diqqət ayırır. Gəncə səfərində də müxtəlif mədəniyyət və təhsil müəssisələrində görüşlər, orta məktəblərdə aparılan təmir- bərpa işləri ilə tanışlıq, mövcud müəssisələrin təkmilləşdirilməsiilə bağlı yeni təşəbbüslər ön plana çıxır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, eyni zamanda, səhiyyə sahəsində də mühüm islahatların aparılmasına dəstək verir. Təsadüfi deyil ki, Fondun “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi layihələr, bir çox xeyriyyə aksiyaları səhiyyə sahəsinə mühüm dəstəkdir. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də müasir səhiyyə ocaqları inşa edilir, ən son texnologiyalı tibbi avadanlıqla təchiz olunur. Birinci vitse-prezident Mehriban Əliyevanın səfər çərçivəsində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olması, Heydər Əliyev Fondu tərəfindən müəyyən tibbi avadanlıqlarıın və yeni doğulmuş körpələrin analarına hədiyyələrin təqdim edilməsi də regionda insanların sağlamlıq xidmətlərinə daha yaxşı çıxışına, sosial rifahının artırılmasına dəstəyin göstəricisidir”  - deyə Leyla Rəşid vurğulayıb.   

Bildirib ki, Mehriban Əliyevanın Gəncə şəhərinə səfəri çərçivəsində məscidləri və kilsələri  ziyarət etməsi Azərbaycan cəmiyyətində  dini tolerantlığın və müxtəlif dini inanc sahiblərinin birgə yaşaması prinsipinin vurğulanması baxımından əhəmiyyətlidir. Eyni zamanda, dövlətin dinə və mədəniyyətə olan açıq yanaşmasını, dini- mədəni irsin qorunması, bərpası və təbliği siyasətini, dini azadlıqlara hörmətini göstərən addımdır. Bu addım, cəmiyyətdə dini müxtəlifliyə hörmət və birgəyaşayışın təşviq edilməsini simvolizə edir. Bu, həm Birinci vitse- prezident Mehriban Əliyevanın sosial məsələlərə, dini icmaların həyatına və dini qurumlara münasibətini göstərir. Digər tərəfdən, Azərbaycan əhalisinin böyük hissəsinin müsəlman olduğunu nəzərə alsaq, Birinci vitse- prezident Mehriban Əliyevanın Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin mövcüd vəziyyəti ilə tanışlığı və müvafiq işlərin görülməsinə dair tapşırıqları İslam dəyərlərinə və ənənələrinə hörmətin göstəricisi kimi qiymətləndirilməlidir. 

Birinci vitse-prezidenti Mehriban Əliyevanın Gəncə şəhərinə səfərinin nəticələrini və potensial təsirini şərh edən analitik qeyd edib ki, bu cür səfərlər Azərbaycanın inkişaf modelinin regional tətbiqinə kömək edir, siyasi və sosial sabitliyin təmin olunmasına, regionların inkişaf dinamikasının artırılmasına  müsbət təsir göstərir. Bundan başqa, regionlarda həyata keçirilən layihələr ölkənin ümumi inkişafına və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına kömək edir. 

Birinci vitse-prezidentin Gəncə səfəri, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyini gücləndirmək və ölkə daxilindəki inkişaf proseslərini beynəlxalq auditoriyaya təqdim etmək baxımından da əhəmiyyətlidir.

Chosen
19
3
xalqqazeti.az

5Sources