EN

“Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” adlı kitab nəşr olunub

Bakı, 7 mart, AZƏRTAC

Auditorlar Palatası tərəfindən Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) rəsmi icazəsi və həmin qurumun tərcümə strategiyasına müvafiq olaraq peşəkar tərcümə və redaktə edilməklə hazırlanmış və bütün dünyada peşəkar mühasiblər, auditorlar, təsərrüfat subyektlərinin rəhbərləri, sahibkarlar, iqtisadiyyat yönümlü ali təhsil müəssisələrinin müəllim və tələbələri üçün nəzərdə tutulmuş “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) adlı kitab nəşr etdirilib.

Auditorlar Palatasından AZƏRTAC-a bildirib ki, məcəllənin əsas məqsədi, mühasiblərin və auditorların peşəkar fəaliyyətində yüksək etik və peşəkar standartları təmin etməkdir.

Bu məcəllə peşənin ictimai maraqlar üzrə məsuliyyətini əks etdirərək, peşəkar mühasiblər üçün etikanın təməl prinsiplərini müəyyən edir. Prinsiplər peşəkar mühasibdən gözlənilən davranış standartlarını özündə ehtiva edir. Təməl prinsiplərinə tamlıq, obyektivlik, peşəkar səriştə və yetərli diqqət, məxfilik və peşəkar davranış daxildir. Müstəqillik prinsipi auditorlara aid olmaqla Beynəlxalq Müstəqillik Standartları ilə müəyyən edilir.

Şəffaflığın artırılması məqsədi ilə beynəlxalq standartların ölkəmizdə geniş tətbiqinə nail olması istiqamətində mühüm rol oynaya biləcək həmin nəşr, eyni zamanda bütün maraqlı tərəflərin istifadəsi, habelə ictimaiyyətin məlumatlandırılması üçün nəzərdə tutulur.

Nəşr Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun rəhbərliyi ilə hazırlanıb. Məsləhətçi və ixtisas redaktorları Azərbaycan Respublikası Auditorlar Palatası aparatının rəhbəri Qəşəm Bayramov və Auditorlar Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbovdur.

Chosen
18
azertag.az

1Sources