Dünən ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə martın 6-da Xankəndi, Əsgəran və Xocalıya yola düşüblər. SİA mövzu ilə bağlı səfərdə iştirak edən partiya sədrlərinin fikirlərini öyrənib.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa: “Siyasi partiyaların birlikdə Xankəndi və Xocalıya səfər etməsi olduqca anlamlı bir tədbirdir. Bu, Prezident Administrasiyasının Partiyalarla İş Şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü ilə gerçəkləşdirildi. Artıq beşinci səfərimiz idi. Xüsusən, Xocalı çox anlamlı bir səfər idi. Çünki burada uzun illərin acısını yaşamış Azərbaycan xalqının nümayəndələri kimi hansı duyğular keçirdiyimiz hər kəsə bəllidir. Amma bu gün çiçəklənən, inkişaf edən bir Xocalı görəndə insanın ürəyi açılırdı və bu cür böyük bir vəhşiliyə məruz qalmış Azərbaycan torpağının, Azərbaycan insanının kədərinin üstündən yeni bir dönəmin başlaması hər halda ürək açandır. Çünki insanlar bu acıya, kədərə əbədi qapıla bilməzlər. İnkişaf etməlidir cəmiyyət, biz yaralarımızı sarıyıb yenə də ayaqda durmağa məhkumuq.
Xankəndində də ermənilər tərəfindən işğal olunmuş, kirlədilmiş bu gözəl şəhərimizin Azərbaycan bayrağı altında nəfəs alması bizim üçün çox önəmli idi. Və burada həm də bir partiyalararası dialoq, partiyaların müəyyən dərəcədə uzlaşması, bir-birinə yaxınlaşması baxımından da faydalı idi. Bu, elə bir dialoq mühitinin praktik bir imkanları idi. Bu səfərlər o cəhətdən böyük faydalıdır. Çox yaxşı təəssüratlarla geri döndük və hesab edirəm ki, Azərbaycan cəmiyyətinin ümumiyyətlə bu birliyə, həmrəyliyə olduqca böyük ehtiyacı var və partiyaların timsalında bunu görəndə insanın ürəkaçan bir hadisə ilə qarşılaşdığını söyləməyə əsas verir”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli: “Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə martın 6-da biz, Xankəndi, Əsgəran, Xocalı, Ballıca və digər yerlərə səfərlər etdik. Çox faydalı səfər idi. Siyasi partiya rəhbərləri, redaktorlar, jurnalistlər də iştirak edirdi.
Biz təsəvvür edin ki, vaxt var idi, mən özüm Şuşaya gedəndə Xankəndiyə əyilə bilmirdik. Ermənilər öz torpağımızda bizə elə bir şərait yaratmışdılar ki, qorxulu bir vəziyyət idi oraya getmək. Amma indi Xankəndiyə getdik və ətrafına baxdıq, gəzdik. Xocalı faciəsini xatırladıq. Yadımdadır, 92-ci ilin martında, mən də Milli Məclisdə çıxış etdim, Xocalıdan gəlmişdim. O zaman dedilər ki, cəmi iki nəfər öldürülüb. Çox kəskin şəkildə etirazımı bildirdim və o vaxtkı prezidentin istefası ilə nəticələndi. Amma biz bu gün Xocalını da ziyarət elədik, Əsgəranı ziyarət elədik.
Təəssüratım budur ki, yavaş-yavaş vətəndaşlarımız da qayıdır, orada yaşayış təmin olunur, şərait var, iş yerləri açılır. Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin nümayəndəsi, hörmətli Elçin müəllim və onun işçiləri çox yaxşı qayğı göstərdilər. Hər şeyi izah edirdilər, göstərirdilər bizə. Çox faydalı oldu.
Ədalət müəllimə də təşəkkür edirəm ki, Ədalət Vəliyev bu işi çox diqqətlə təşkil etdi. Çox rahat getdik, gəldik. Mən hesab edirəm ki, öz gözümüzlə dövlət suverenliyinin bir növ bərpasına özümüz şahid olduq. Bunun üçün Ali Baş Komandana təşəkkür edirəm ki, diplomatik yolla torpağımızı mənfur ermənilərdən təmizlədi və Xankəndi, Əsgəran, Xocalı özümüzə qayıtdı”.
REAL Partiyasının sədri Natiq Cəfərov: “Əslində, bu mənim işğaldan azad olunmuş torpaqlara ilk səfərim idi. Emosiyalarımı sözlə ifadə etməkdə çətinlik çəkirəm. Doğrudan da insan ancaq burda anlayır ki, nə qədər böyük bir qələbədir. Nə qədər əsgərimizin şücaəti hesabına bu torpaqları yenidən özümüzə qaytarmışıq.
Ən təsir edən mənzərə isə Xocalıda oldu. Xocalıda məktəbin yanında, stadionda uşaqlar artıq futbol oynayırlar. Bax, o mənzərə artıq ondan xəbər verir ki, biz Qarabağa qayıtmışıq, Qarabağda yaşayırıq, Xocalıdayıq. Yəni, bu nöqteyi-nəzərdən çox emosional və həddindən artıq xoş bir səfər idi”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev: “Bu tədbir iqtidar və müxalifət arasında münasibətləri səhmana salmağa da yardımçı olur. Ölkədə barışa söykənən bir sabitlik axtarışı var və bu çox normal yanaşmadır. Prezident Administrasiyasının Partiyalarla İş Şöbəsi yaradılıb ki, buraya çox uğurlu kadr təyin olunub. Müxtəlif tədbirlər olub. Belə tədbirlər ardıcıl olacaqsa, ölkədə sabitlik olacaq”.
Ayşən Vəli