EN

Türkiyədən Azərbaycana hazır geyim ixracı niyə azalıb? - DETALLAR

Türkiyə 2025-ci ilin fevral ayında Azərbaycana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz azaldaraq 3 milyon 894 min 55 dollara çatdırıb.

Bu barədə “TurkicWorld”ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 faiz azalaraq 7 milyon 503 min 7 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 5 faiz azalaraq 2 milyon 770 min 450 dollara bərabər olub.

“Bu ilin fevral ayında Türkiyə 1 milyon 358 min 571 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 9,3 faiz azdır”, - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 17 milyon dollar məbləğində hazır geyim ixrac edib.

Bu azalma müxtəlif səbəblərlə izah edilir. Belə ki, 2024-cü illə müqayisədə Azərbaycanda istehlakçı tələbatının zəifləməsinin mümkünlüyü qeyd edilir. Geyim məhsulları qeyri-zəruri xərclər sırasına daxildir və əgər alıcılıq qabiliyyəti azalıbsa, insanlar daha az geyim alırlar.

Bundan əlavə, Türkiyə lirəsinin məzənnəsində dəyişikliklər, istehsal xərclərinin artması və gömrük rüsumları nəticəsində Türkiyədən idxal olunan məhsulların qiymətinin yüksəlməsi də təsir göstərə bilər.

Azərbaycan bazarında digər ölkələrin (məsələn, Çin və Avropa İttifaqı ölkələri) istehsal etdiyi daha ucuz alternativlərə marağın artması mümkündür.

Eyni zamanda, qlobal ticarət yollarında gecikmələr, daşınma xərclərinin artması və ya gömrükdə yeni tənzimləmələr də Türkiyənin ixracına təsir göstərə bilər.

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı fikrini Musavat.com-a bildirib:

“Türkiyədə məhsullar son dövrlərdə sürətlə bahalaşır. Türkiyədə ciddi inflyasiya müşahidə olunur, 40%-in üzərindədir. Məzənnə də son zamanlar sabitləşib. Onun üçün Türkiyə məhsulları əvvəlki cazibəsini itirib. Bunun səbəblərindən biri budur. Türkiyəyə gedən adamlar da şikayət edir ki, mallar çox bahadır.

Ümumiyyətlə, türk şirkətləri məhsulunu hər yerə satmaq istəyər. Əsas məsələ ondan ibarətdir ki, bizim alıcılığımız azalıb. İdxalın azalmasının səbəbi isə həm də fevral ayında aktivliyin aşağı düşməsidir. Keçənilki kimi bizdə qeyri-neft sektoru da sürətlə inkişaf etməyib, inflyasiya var, kommunal xərclər artıb, əhalinin xərcləri də artıb. Bir tərəfdən türk məhsulları bahalaşır. Ona görə də idxal azalıb.

Bir də əvvəlki dövrə nisbətdə “Trendyol”un da əvvəlki populyarlığı qalmayıb. 2-3 il bundan əvvəl “Trendyol” çox populyar idi. Qiymətlərin bahalaşması burada rol oynayıb”.


Chosen
10
news24.az

1Sources