"Zirə" "Araz Naxçıvan"a məğlub olmaqla Ölkə Kubokunda çıxışını dayandırmalı oldu.
Amma "qartallar"ın Premyer Liqada işləri yolunda gedir.
Qış fasiləsindən sonra qələbələri sırlayan Bakı klubu hazırda ikinci pillədə möhkəmlənib.
Görəsən, "Zirə"nin çempionat kimi kubokda da uğurlu çıxış etməsinə nə mane oldu?
Komandanın fransalı legioneri Aryon Qomes Sportinfo.az-a açıqlamasında məsələyə bu cür aydınlıq gətirib:
"Açığı, bu suala izahat vermək bir az çətindir. Təbii ki, hər iki cəbhədə irəliləmək istərdik. Əfsuslar olsun ki, buna müvəffəq olmadıq.
Amma daha önəmli olanı kubok oyunundakı məğlubiyyətdən sonra toparlanıb bu gün qələbə qazanmaq idi.
Deməli, uduzduğumuz görüşdən sonra düzgün reaksiya verə bildik. Çempionat oyunlarında da belə davam etməliyik.
Hansısa məğlubiyyətdən sonra növbəti oyuna yeni motivasiya ilə çıxaraq qazanmaq lazımdır. Məqsədimiz hər matçda qalib gəlməkdir".
XANOĞLAN