EN

Rusiya səfirini sərgidən QOVDULAR – “Qatil!”, “Bura Moskva deyil!”…

Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova Sofiyada yerləşən “Kvadrat 500” qalereyasından etirazçıların qışqırıqları altında uzaqlaşdırılıb. Aksiya iştirakçıları ona “Qatil!” və “Bura Moskva deyil!” deyə səsləniblər.

Yenicag.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun bolqar xidməti – “Radio Svoboda” məlumat yayıb.

Hadisə cümə axşamı axşam saatlarında Nyu-Yorkun aktivist kollektivlərindən biri olan “Guerrilla Girls” qrupunun sərgisinin açılışı zamanı baş verib. Jurnalist İva Rudnikovanın təqdim etdiyi videoda Eleonora Mitrofanovanın qalereyanın zalına daxil olduğu, əvvəlcə sakitliklə qarşılandığı, lakin daha sonra bir gənc qadının “Bura Moskva deyil, Avropadır” deyə qışqırmağa başladığı görünür.

Səfir ona rus dilində cavab versə də, qadın – özünü Nataliya Todorova kimi təqdim edən etirazçı – onun ardınca gedərək “Qatil!” deyə səslənməyə davam edib. Növbəti zalda isə daha böyük izdiham “Bura Moskva deyil” şüarını səsləndirib.

“Guerrilla Girls” anonimliyi qorumaq üçün qorilla maskalarından istifadə edən vizual sənətçilər kollektividir. Sərginin açılışında qrupun iki təsisçisi – Frida Kalo və Kete Kollvits adlı təxəllüslərlə çıxış edən aktivistlər də iştirak edib. Onlar Bolqarıstan Qadınlar Fondu və Milli Qalereya/“Kvadrat 500” tərəfdaşlığı ilə Bolqarıstana dəvət olunublar.

Qeyd edək ki, Bolqarıstanın keçmiş baş naziri Kiril Petkov Mitrofanovanı bolqar deputatlarını ələ almaqda və ölkəyə qarşı təxribat fəaliyyəti aparmaqda ittiham edib.

Bundan əlavə, Bolqarıstan Xarici İşlər Nazirliyi 2023-cü ildə Mitrofanovanı dezinformasiya yaymaqda günahlandırıb. Buna səbəb onun Bolqarıstan hərbçilərinin Ukraynaya göndərilməsinin Moskva-Sofiya dialoquna mənfi təsir göstərəcəyi barədə bəyanatı olub.

Chosen
13
yenicag.az

1Sources