Mövzunu siyasi şərhçi Aytən Qurbanova Olaylar.az-a şərh edib. Siyasi şərhçi bildirib ki, Sergey Kopırkinin bəyanatı manipulyativ xarakter daşıyır, çünki Minsk Qrupunun fəaliyyəti faktiki olaraq lazımsızdır və onun ləğvi qaçınılmaz reallıqdır:
"Sergey Kopırkinin bəyanatı daha çox prosesləri manipulyasiya xarakteri daşıyır. Çünki ATƏT-in Minsk Qrupunun fəaliyyəti dəyişməyib, faktiki olaraq onun fəaliyyəti lazımsızdır. Yaranma missiyası münaqişəni həll etmək olan Minsk Qrupunun indiki şəraitdə formal olaraq da olsa mövcudluğu kifayət qədər absurddur ki, Kopırkin də bunu bildirib. Artıq münaqişə həll olunub, eləcə də Cənubi Qafqazdakı geosiyasi reallıqlar tamamilə dəyişilib. Deməli birmənalı şəkildə Minsk Qrupunun ləğv edilməsi qaçınılmaz reallıq olaraq qəbul edilməlidir. Digər tərəfdən isə ATƏT-in Minsk Qrupunun ləğv edilməsi üçün Azərbaycan və Ermənistanın birgə müraciət etməsi sülh danışıqlarında razılaşdırılmamış iki şərtdən biridir. Ona görə də, indiki məqamda belə bir bəyanat natamam xarakter daşıyır və qismən real şəraiti əks etdirir".
Səidə Ramazanova