EN

Almaniyanın 11 aeroportunda birgünlük tətil barədə xəbərdarlıq edilib

Almaniyanın ən böyük həmkarlar ittifaqı təşkilatlarından olan Verdi ictimai sektor və yerüstü xidmət işçilərini martın 10-da 11 hava limanında birgünlük tətil etməyə çağırıb.

AZƏRTAC “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, əvvəlcə Frankfurt aeroportunda planlaşdırılan tətilin sonradan Münxen, Ştutqart, Köln-Bonn, Düsseldorf, Dortmund, Hannover, Bremen, Hamburq, Berlin-Brandenburq və Lepytsiq-Halle aeroportlarını əhatə edəcəyi bildirilib.

Tətilin səbəbi dövlət və bələdiyyələrlə davam etdiriləcək əməkhaqqı danışıqlarıdır. Hazırkı danışıqlarda işəgötürənlər hələ də konkret təklif irəli sürmədiyi və tələbləri yerinə yetirməyə hazır olmadıqları üçün bu xəbərdaredici tətil təşkil olunacaq. Verdi maaşların 8 faiz artırılmasını, minimum 350 avro əlavə maaş verilməsini, həmçinin çətin və əlverişsiz iş saatlarına görə daha yüksək əlavə ödənişlərin tətbiq olunmasını tələb edir. Bundan əlavə, təcrübəçilərin maaşlarının 200 avro artırılması və üç əlavə istirahət günü verilməsi tələb olunur.

İşəgötürənlər bu tələblərin maliyyə baxımından mümkün olmadığını bildiriblər.

Sərnişinlərin səyahətlərini vaxtında planlaşdıra bilmələri üçün tətil barədə əvvəlcədən xəbərdarlıq edilib. Əməkhaqqı danışıqları martın 14-16-da Potsdamda davam etdiriləcək.

“Lufthansa” aviaşirkəti və Almaniya Hava Limanları Birliyi (ADV) tətilləri sərt tənqid ediblər.

Chosen
24
5
yeniazerbaycan.com

7Sources