EN

42 yaşlı kişi tanışına xəsarət yetirdi —TƏFƏRRÜAT

Bakının Suraxanı rayonunda 1983-cü il təvəllüdlü Fəxrəddin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Akifə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunda yerləşən təkər təmiri sexinin otağında baş verib. Fəxrəddin orada tanıdığı Akif ilə mübahisə edib. 

O, Akifin ona icarə verdiyi “Hyunday Elantra” markalı avtomobilin mühərrikinin ön örtüyünün açılması nəticəsində maşının zədələnməsinə görə heç bir günahı olmadığını və buna görə pul verməkdən imtina etməsinə baxmayaraq ondan 600 manat pul istəməsini bəhanə edib. Heç bir əsaslı səbəb olmadan əli ilə Akifin baş nahiyəsindən vuraraq onun sağlamlığına az ağır xəsarət yetirib.

Hadisəni törədən Fəxrəddinin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəxrəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisədən 5 gün əvvəl öz maşını xarab olduğuna görə ustada olub və bu səbəbdən Akifdən sürmək üçün maşın götürüb. Bundan əvvəl də dəfələrlə ondan maşın götürdüm. Ondan hər dəfə götürdüyüm kimi maşın istəmişəm. Rayondan qayıdan vaxt, Ağdaş magistral yolunda getdiyi yolda, 120 km/saat sürət yox idi. Amma orada 120 km/saat sürət həddi var, 110 km/saat idi, gedən yolda kapot öz-özünə açıldı, zədələndi. Köhnə, 2014-cü ilin maşını idi. Haradasa 400-500 manatlıq xərci var idi, yenə də qəza etməmişdim, getdiyim yolda olub. Gəlib biraz narazıçılıq edərək onunla bir yerdə işləyən bir adam var, onun yaxını idi, yəni biz ailəvi yaxınıq. Ona zəng vurdum və dedim ki, maşını götüzdürsün oradan həll edəcəm. Bir müddət keçdi, artıq bu məndən pul tələb etməyə başladı ki, 1300 manat verəcəksəm. Dedim səbəb nədir, onu özün düzəltdir, özü bildiyi kimi, işlənmiş maşındır, 400 manata yaxın xərci var”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra onların arasında mübahisə yaranıb, mübahisə sonda cinayətlə nəticələnib. 

Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fəxrəddin 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, əməlindən peşman olduğunu, şikayətçinin olmadığını, himayəsində insulit xəstəsi olan atasının və dünyasını dəyişmiş bacısının xəstə, 1-ci qrup əlil uşağının olduğunu göstərib. Əməlini Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilməsini xahiş edib. 

Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Şikayəti araşdıran hakimlər heyəti qərar elan edib. Qərara görə, şikayət təmin olunmayıb. 

Fariz Məlikli
Demokrat.az
Chosen
22
demokrat.az

1Sources