EN

Nərgiz Əliyarovanın iştirakı ilə konsert proqramı keçirilib

Martın 7-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar artist Nərgiz Əliyarovanın iştirakı ilə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı keçirilib.

SİA xəbər verir ki, gecədə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Konsertdən əvvəl agentliyin müxbiri ilə söhbət zamanı Əməkdar artist Nərgiz Əliyarova məhz bu xüsusi tədbir üçün Nyu-Yorkdan Bakıya səfər etdiyini bildirib. “Artıq dörd gündür buradayam və konsertdən bir neçə saat sonra yenidən yola düşəcəm. Lakin bu qısa səfərim mənim üçün çox dəyərlidir, çünki Filarmoniyanın möhtəşəm səhnəsində çıxış etmək mənə böyük xoşbəxtlik bəxş edir. Bu axşam mənim üçün xüsusi əhəmiyyət daşıyır. Bethovenin 3-cü piano konsertini ifa edəcəyəm. Bu mənim ən sevdiyim əsərlərdən biridir. Onun dərin lirizmi, dramatizmi və güclü emosional enerjisi hər zaman məni valeh edib. Ümid edirəm ki, bu musiqi dinləyicilərə bayramsayağı bir ruh, xüsusilə də bu gözəl gündə xanımlara unudulmaz bir ab-hava bəxş edəcək”,- deyə Əməkdar artist əlavə edib.

Proqramda Hektor Berliozun “Macar marşı”, Lüdviq van Bethovenin “Piano və orkestr üçün 3 nömrəli konsert, do minor, op. 37”, Antonin Dvorjakun “Slavyan rəqsləri” adlı əsərlər səsləndirilib. Musiqi nömrələri dinləyicilərə klassik sənətin dərinliyini və gözəlliyini hiss etdirib.

Chosen
2
1
sia.az

2Sources