EN

Tramp İranın Ali dini liderinə şəxsi məktub göndərib

"Biz elə bir saziş bağlaya bilərik ki, bu, hərbi qələbə qədər sərfəli olsun, müharibəyə getsək, dəhşətli olacaq..."
 
ABŞ prezidenti Donald Tramp martın 7-də, cümə günü bəyan edib ki, iki gün əvvəl İranın Ali dini lideri ayətullah Əli Xameneiyə şəxsi məktub göndərib. Tramp məktubunda İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə danışıqlara başlamağa çağırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "forbes.ua" nəşri məlumat yayıb.
 
ABŞ prezidenti məktubunda yazıb: "Cümə axşamı İranın Ali dini liderinə məktub göndərdim ki, danışıqlara başlayaq, - Tramp deyib. - İranın nüvə silahı olmamalıdır".
 
Bu yaxınlarda Tramp müsahibələrinin birində bu fikirləri səsləndirib: "Ümid edirəm ki, danışıqlara razılaşacaqsınız, çünki əgər müharibəyə getsək, bu dəhşətli olacaq".
 
"Razılaşma əldə etməyə üstünlük verirəm. Hamının mənimlə razılaşacağına əmin deyiləm, amma biz elə bir saziş bağlaya bilərik ki, bu, hərbi qələbə qədər sərfəli olsun. Vaxt yetişib, nəsə baş verəcək", - Tramp əlavə edib.
 
Bir ay öncə Xamenei öz çıxışında Trampa qarşı hədələr səsləndirib. Bu, ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücum edə biləcəyinə dair narahatlıqlar fonunda baş verib. "Bizə zərbə endirilsə, şübhəsiz ki, biz də onlara zərbə endirəcəyik", - ayətullah bildirib.
 
Bununla yanaşı, Xamenei ABŞ-la danışıqlar aparmağı "uzaqgörənlikdən uzaq, qeyri-məntiqli və ləyaqətsiz" addım adlandırıb və bunun İranın maraqlarına uyğun olmadığını deyib.
 
Bundan bir neçə gün öncə İran prezidenti Məsud Przeşkian ABŞ-la danışıqları bərpa etmək istədiyini, lakin Xameneinin buna qadağa qoyduğunu açıqlayıb. O,
bildirib ki, İranın siyasəti Ali dini liderin mövqeyinə uyğun olmalıdır.
 
Trampın bu açıqlaması İsrail və ABŞ-ın İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməyəcəklərini bəyan etməsindən sonra səslənib. Bu isə Tehranla hərbi qarşıdurma ehtimalını artırıb, çünki İran nüvə dövlətlərinin hədəflədiyi silah səviyyəsinə yaxın dərəcədə uranı zənginləşdirir.
 
Ağ Ev Trampın İran liderlərinə məktub göndərdiyini təsdiqləyərək, onun nüvə sazişi ilə bağlı danışıqlara başlamağı hədəflədiyini bildirib.
 
Tramp yenidən Ağ Evə qayıtdıqdan sonra onun administrasiyası İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün tədbirlər görməyin vacibliyini dəfələrlə vurğulayıb. Bununla belə, ötən ay BMT-nin nüvə nəzarət təşkilatının hesabatında İranın silah üçün yararlı uran istehsalını sürətləndirdiyi bildirilib.
 
Trampın ilk prezidentlik dövrü Vaşinqton və Tehran arasındakı münasibətlərin xüsusilə gərgin olduğu bir mərhələ kimi yadda qalıb. 2018-ci ildə Tramp İranın nüvə sazişindən birtərəfli qaydada çıxaraq Tehrana qarşı ağır sanksiyalar tətbiq edib ki, bu da İran iqtisadiyyatına ciddi zərbə vurub.
 
İranın uranı yüksək dərəcədə zənginləşdirməsi Trampa əlavə təzyiq yaradır. O, dəfələrlə İranla danışıqlara açıq olduğunu bəyan etsə də, eyni zamanda Tehran neftinin satışına qarşı yeni sanksiyalar tətbiq edərək "maksimum təzyiq" siyasətini yenidən həyata keçirməyə başlayıb. 
 
2024-cü ilin avqustunda Xamenei ABŞ-la danışıqlara açıq olduğunu bildirib və düşmənlə təmasda olmağın zərərli olmadığını söyləyib. "Blomberg"-in məlumatına görə, Rusiya Tramp administrasiyasına İranla əlaqələrin qurulmasına, o cümlədən nüvə proqramı ilə bağlı məsələlərdə vasitəçilik etməyə razılaşıb.
 
Məlumata əsasən, Tramp fevral ayında bu barədə Rusiya prezidenti Vladimir Putinə birbaşa müraciət edib və ABŞ rəsmiləri Səudiyyə Ərəbistanında rusiyalı həmkarları ilə bu məsələni müzakirə edib.
Chosen
75
22
moderator.az

10Sources