Birinci Liqanın 17-ci turu çərçivəsində bu gün "İmişli"nin qonağı olan "Mingəçevir" 1:0 hesablı qələbə qazanaraq turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib.
"Şəhərlilər"in baş məşqçisi Füzuli Məmmədov matçın ardından fikirlərini Fanat.Az-a bölüşüb:
"Biz bütün oyunlara qələbə üçün çıxırıq. Bilirdik ki, səfərdə yaxşı heyəti olan, güclü komandaya qarşı oynayacağıq. Buna baxmayaraq, "İmişli" ilə matçda da hədəfimiz 3 xal idi.
İki futbolçumuzun yüngül zədəsi olduğu üçün heyətdə dəyişikliklər etməli olduq. Rəqibin necə oynadığı barədə məlumat toplamışdıq. Meydanda hansı oyun modelinə üstünlük verəcəklərini bilirdik. Həftə ərzində buna uyğun məşqlər keçmişdik. Futbolçularıma təşəkkür edirəm. Meydanda əziyyət çəkdilər, verilən tapşırıqları maksimum şəkildə yerinə yetirdilər. Sözün əsl mənasında döyüşərək qələbə qazandılar. İstər start "11-lik"də yer alan, istər meydana sonradan çıxan, istərsə də bu matçda oynamayan futbolçularımızın hər birinin ürəyində qələbəyə inam var idi. Qələbədə əməyi olan hər kəsi, həmçinin azarkeşlərimizi də təbrik edirəm. Biz meydana azarkeşlərimiz üçün çıxırıq. Növbəti oyunda da onların dəstəyinə ehtiyacımız var. Tərəfdarlarımızı sevindirmək naminə döyüşürük və döyüşəcəyik. Həmişə dediyim kimi, azarkeşlərimiz "Mingəçevir"in 12-ci oyunçusudur".
Mirağa