Dünya ulduzu Kriştiano Ronaldu karyerasında 926-cı qolu vurub.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda forma geyinən 40 yaşlı portuqaliyalı hücumçu "Əl-Şabab"la görüşdə fərqlənib.

Ronaldu birinci hissənin son saniyələrində, 45+6-cı dəqiqədə rəqib qapısına yol tapıb. Ancaq görüşün argentinalı baş hakimi Fakundo Tello dərhal meydançanın mərkəzini göstərməyə çətinlik çəkib.

Futbolçunun ofsaydda olduğundan şübhələnən hakimlər epizodu düz 8 dəqiqə müzakirə ediblər. Yekunda ötürmə anında topun rəqibdən getdiyini və ofsayd olmadığını bildirən ədalət təmsilçiləri qolu hesaba alıblar.

Beləliklə, "Əl-Nəsr" fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb. Bakı vaxtı ilə saat 23-də başlanan matçda hazırda ikinci hissə gedir.

"Əl-Şabab"ı məşhur türk məşqçi Fatih Terim çalışdırır. Onun komandası "Əl-Nəsr"lə oyunun 41-ci dəqiqəsində hesabı açsa da, birinci hissənin uzatma dəqiqələrində qapılarından 2 top buraxaraq, çətin vəziyyətə düşüblər.