Azərbaycanda Ramazan ayında iftar süfrələri təşkil etmək geniş yayılmış ənənələrdən biridir. Ancaq son illərdə bu süfrələrin məzmunu və mahiyyəti ilə bağlı qəribə tendensiyalar müşahidə olunur.
Təşkil edilən iftar süfrələrinə imkanlı şəxslər, şirkət rəhbərləri, vəzifəli şəxslər və nüfuzlu insanlar dəvət edilir. Oruc tutmayanların belə bu süfrələrə dəvət edildiyi hallar olur, amma ehtiyacı olanlar, kasıblar və aztəminatlı ailələr unudulur. Halbuki, İslamın və Ramazanın əsas prinsiplərindən biri məhz paylaşmaq, birlik və bərabərlikdir.
Məhəmməd peyğəmbərin hədislərinin birində deyilir ki, ən pis süfrələr, varlıların çağırılıb, kasıbların unudulduğu süfrələrdir. Bu sözlər iftar mərasimlərinin Ramazan ruhuna uyğun olub-olmadığını düşünməyə vadar edir. İftar süfrələrinin əsas məqsədi yalnız dostlarla bir araya gəlmək deyil, həm də cəmiyyətin ehtiyac içində olan üzvlərini xatırlamaq və onlarla paylaşmaqdır.
İftar məclisləri təşkil edərkən diqqət yetirilməli əsas məqam məhz bu olmalıdır: süfrənin bərəkəti və dəyəri, onun arxasında əyləşən insanların maddi vəziyyəti ilə deyil, paylaşmaq və yardımlaşmaq ruhu ilə ölçülür.
Hokm.az xəbər verir ki Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov da belə düşünür. O deyir ki, iftar kasıb, imkansız insanlar üçün olmalıdır:
“Yeyib-içən insanlar, qohumlar bir yerə yığıla bilər, amma bu tam iftar olmur. Dində iftar süfrələri təşkil etmək savabdır, amma bu imkanı olmayan insanlar üçün təşkil olunmalıdır. Amma eyni dostlar yığışıb bunu qeyd edirlərsə, buna tam olaraq iftar demək olmaz. Bu müəyyən mənada yeyib-içmək məclisidir. Ona görə də burada insanlar özləri də bunu nəzərə alsınlar, diqqətli olsunlar. Hesab edirəm ki, rəsmi tədbir xaricində oruc tutmayan adamın iftar süfrəsində iştirak etməsi düz olmayan bir məsələdir”.
C.Məmmədov qeyd edib ki, müsəlman ölkələrinin əksəriyyətində bu ənənə yoxdur:
“Müsəlman ölkələrin əksəriyyətində hamı bilir ki, iftar mərasimi yalnız oruc tutanlar üçün təşkil edilə bilər. Bizdə isə adını iftar süfrəsi qoyuruq, amma orada olan hamının həmin yeməyi yeməyə pulu, imkanı var. Ümumiyyətlə, iftar süfrələrinin israfçı şəkildə olması da düzgün deyil. İftar süfrəsində israfçılıq olmamalıdır. Biz nəzərə almalıyıq ki, bu gün dünyada milyonlarla insan nə su, nə də yemək tapır. Stolun üzərinə düzülən yeməklər yeyilməyib israf ediləndə bu da günahdır. Elə insanlar var ki, həmin yeməyi yeməyə imkanı yoxdur. Kimsə iftar süfrəsi təşkil edirsə, bunu kasıb insanlar üçün etməlidir”.
Müsahibimiz bildirib ki, oruc tutmayan şəxs iftar süfrəsində iştirak edirsə, burada hər iki tərəf məsuliyyət daşıyır:
“Məsələn, mən iftar süfrəsi vermək istəyirəmsə, oraya haqqı çatanları, yəni ehtiyacı olanları çağırmalıyam. Mən əgər iftarla savab qazanmaq istəyirəmsə, oraya ehtiyacı olanları çağırmalıyam. İftara dəvət olunan insan da kiminsə yerinə getmiş olur. Bəzən ac olan adama yer çatmır, ac olmayan oturur. Ona görə də burada hər iki tərəf məsuliyyət daşıyır. Əgər kimsə oruc tutmayıbsa, bunu açıq bildirməlidir. Özünü oruc tuturmuş kimi aparıb oraya getmək düzgün deyil. İftarı təşkil edən adamlar da bilirlər ki, kimin iftara ehtiyacı var. Bəzən qohum-əqrəba bir yerə toplaşır, bu ənənəyə çevrilib. Amma böyük iftar süfrələrində mütləq bu nəzərə alınmalıdır. Elə insan var ki, onun yeməyə ehtiyacı var, o bizim üzərimizdə haqqdır. Onun yeməyini orada başqası yeyirsə haqqına girmiş olur. Hər kəs öz haqqı çatanı yeməlidir, ona haqqı çatan verilməlidir”.
Deputat sonda vurğulayıb ki, əgər iftar süfrəsində heç kim oruc tutmursa, bu iftar yox, qonaqlıqdır:
“İftar süfrəsində ancaq oruc tutmayanlar toplaşırsa, bu sadəcə qonaqlıqdır. Dediyimiz kimi iftar yalnız oruc tutanlara verilən yeməkdir. Tutaq ki, kimsə 10 nəfəri yığır ora, heç biri də oruc tutmur. Bu artıq iftar deyil, qonaqlıqdır. Bunun iftarla qarışdırmaq da düzgün deyil”.