EN

Qızılın qiyməti yenidən yüksələcəkmi? - Proqnoz

Qızılın qiyməti fevral ayında bir unsiya üçün 2 954 dollara çataraq illik 39% artımla tarixi maksimuma yüksəlib. Daha sonra ayın sonuna doğru 3% geriləmə müşahidə olunub.  

Valyuta.Az "İnvesting.com"a istinadən xəbər verir ki, "UBS" analitikləri bu azalmaya səbəb kimi mənfəət götürmə tendensiyasını, ABŞ və Böyük Britaniya arasında qızıl külçələrinin mövcudluğu ilə bağlı problemlərin azalmasını və investorların makroiqtisadi risklərə dair fərqli yanaşmalarını göstəriblər.  

Bu qısamüddətli dəyişkənliyə baxmayaraq, analitiklər qızılın perspektivinə nikbin yanaşır və 2025-ci il üçün hədəf qiymətini 3 000 dollar/unsiya səviyyəsində saxlayır.  

Analitiklər qızılın portfelin diversifikasiyası üçün vacib aktiv olduğunu vurğulayaraq, investorların balanslaşdırılmış ABŞ dolları portfelində ümumi aktivlərin təxminən 5%-ni qızıla ayırmasını tövsiyə edirlər.  

Bundan əlavə, onlar mərkəzi bankların güclü templə qızıl ehtiyatlarını artırmağa davam etdiklərini bildirirlər.  

“Mərkəzi bank alışları əsas amillərdən biridir. Biz hesab edirik ki, ehtiyat menecerləri 2022-ci ildən bəri hər il 1 000 metrik tondan çox əlavə etdikdən sonra qızıl ehtiyatlarını artırmağa davam edəcəklər. 2025-ci il üçün bu göstəricinin 950-1 000 metrik ton olacağını proqnozlaşdırırıq”, – deyə bankın analitikləri qeyd ediblər.  

Qızılın qiymətindəki son zəifləmə trend dəyişikliyi kimi yox, müvəqqəti konsolidasiya kimi qiymətləndirilir. "UBS" analitikləri bu mövqeyini fond birjası vasitəsilə qızıl alan investorların artan marağı, mərkəzi bankların yüksək tələbi və texniki göstəricilərin dəstəkləyici olması ilə izah edirlər.  

Bəzi investorlar inflyasiya tendensiyalarındakı qeyri-müəyyənlik və dəyişən risk hissiyyatı fonunda qızılın dəyəri ilə bağlı narahatlıqlarını ifadə etsələr də, "UBS" qızılın "təhlükəsiz liman" statusunun qorunacağını gözləyir.  

Gələcəyə baxışda "UBS" qızıl üçün texniki dəstək səviyyəsini 2 790 dollar/unsiya olaraq qiymətləndirir. Əgər qlobal ticarət gərginliyi artsa, qızılın qiymətinin 3 100-3 200 dollar/unsiya səviyyəsinə yüksələ biləcəyi ehtimal edilir.  

Şirkət vurğulayıb ki, qızılın uzunmüddətli perspektivdə makroiqtisadi qeyri-müəyyənliklərə və valyuta risklərinə qarşı qoruyucu aktiv rolu mühüm olaraq qalır. Bu səbəbdən, diversifikasiya olunmuş investisiya portfellərində 5%-lik qızıl payı tövsiyəsi qüvvədə saxlanılır.

Rəhim

Chosen
37
valyuta.az

1Sources