Azərbaycanın ən adlı-sanlı MMA ustalarından biri Rafael Fiziyev bir neçə saatdan sonra karyerasının vacib döyüşünə çıxacaq.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı idmançımız ABŞ-ın Las Veqas şəhərində təşkil olunan UFC313 turnirində yüngül çəki dərəcəsində qüvvəsini sınayacaq.

Onun rəqibi yerli idmançı Castin Qeycidir (25 qələbə, 5 məğlubiyyət).

Rafael (12 qələbə, 3 məğlubiyyət) UFC yarışlarında rəqibindən 2 dəfə az döyüş keçirməsinə, reytinqdə aşağı pillədə (11-ci yer, Qeyci 3-cü pillə) qərarlaşmasına baxmayaraq, görüşün favoriti sayılır. Mütəxəssislər bunu 500 günlük fasilədən sonra Fiziyevin qələbəyə "ac" olması, eləcə də güclü əl-ayaq zərbələrinə malik olması ilə əlaqələndirirlər.

Bundan başqa, revanş hissini də unutmaq olmaz. "Ataman" ləqəbli həmvətənimiz UFC-də 2023-cü ildə keçirdiyi son iki döyşünün birincisində məhz Qeyciyə uduzub. Daha sonra uzun müddət dizindəki yarasının müalicəsi ilə məşğul olan Fiziyev Las Veqasa iddialı gəlib.

Rafael Fiziyevin yer aldığı əsas kartın döyüşləri martın 9-da Bakı vaxtı ilə saat 7-də başlanacaq.

Uğurlar, azərbaycanlı balası!