EN

Hansi Flik Voyçex Şesnını əsas qapıçı seçməyini əsaslandırdı

“Barselona”nın alman baş məşqçisi Hans-Diter Flik polyak qapıçı Voyçex Şesnını “blauqrana”nın əsas qapıçısı seçməyini əsaslandırıb.

Arena.az “Marca” nəşrinə istinadən, 60 yaşlı mütəxəssisin polyak qapıçının son oyunlardakı çıxışı haqda fikrini təqdim edir:

“Şesnının oyunu – bu, sadəcə olaraq bir fantastikadır. “Benfika” ilə oyunda (Çempionlar Liqasının 1/8 finalının səfərdə ilk oyunu, 1:0 – redaktorun qeydi) bizim oyunçularımız 10 nəfərin 11 nəfərə qarşı müdafiəsi ilə məşğul idilər, onun çıxışı isə bizə çox kömək etdi. Voyçexin işi belədir, bu haqda birbaşa danışmaq gərəkdir. O, verilmiş işi çox yaxşı icra edir, ona görə də cari məqamda o, komandanın “1” nömrəsidir”, deyə Hansi Flik “blauqrana”nın əsas qapıçısı mövqeyinə Voyçex Şesnını seçməsini əsaslandırıb.

Xatırladaq ki, Şesnı 2024-cü ilin oktyabr ayının 2-də “Barselona” ilə müddəti 2025-ci ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalayıb. Bu yay futbolçu karyerasını başa vurduğunu bəyan etmiş Şesnı “Barselona”nın yüksək səviyyəli qapıçı axtarışında ona müraciət etməsi ilə yenidən futbola qayıtmaq qərarına gəlib.

Belə ki, “Barselona”nın alman əsas qapıçı Mark-Andre ter Ştegen ağır zədə alaraq cərrahi əməliyyat keçirib. Ter Ştegenin təxminən 7-8 aylığa sıradan çıxıb. Bu müddətdə iddialarını sürdürmək üçün “blauqrana” yüksək səviyyəli qapıçıya ehtiyac gördüyü üçün seçimini məhz Şesnının üzərində saxlayıb.

Voyçex Şesnı futbola Varşavanın “Aqrikola” klubunda qədəm qoyub, buradan “Legiya” (Varşava), ardınca isə London “Arsenal”ının akademiyasına yol tapıb. “Arsenal”da olarkən Şesnı “Brentford” və “Roma”da icarə əsasında çıxış edib.

2017-ci ilin iyulunda “Yuventus” Şesnını 18,4 milyon avro müqabilində “Arsenal”dan öz düşərgəsinə qatıb.

Ötən mövsüm Şesnı “byankoneri”nin heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 30 qol quraxıb, 15 oyunda qapısının toxunulmazlığını təmin edib. Polyak qapıçının “Yuventus” karyerası ümumikdə 252 oyun, 233 buraxılmış qol və 103 “quru” oyudan ibarətdir.

Cari mövsümdə polyak qapıçı “Barselona” üçün bütün yarışlarda 14 dəfə qapıda dayanıb, 13 qol buraxıb, 8 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Şesnı 2009-cu ilin noyabrında debüt etdiyi Polşa yığmasının heyətində 84 oyuna 83 qol buraxıb, 34 oyundan “quru” qurtulub.

Şesnının qənimətlər muzeyində “Arsenal”la qazandığı İngiltərə Kuboku (2 dəfə) və İngiltərə Super Kuboku, həmçinin “Yuventus”la əldə etdiyi İtaliya A Seriyası çempionluğu (3 dəfə), İtaliya Kuboku (2 dəfə), İtaliya Super Kuboku (2 dəfə) və “Barselona” ilə İspaniya Super Kuboku var. Şesnı 2022-ci ildə Polşada ilin futbolçusu seçilib.

“Transfermarkt” internet-portalı 34 yaşlı polyak qapıçı Voyçex Şesnının transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Chosen
27
arena.az

1Sources