EN

Hər şey Fiziyevin əlində - Castin Qetji ilə döyüşə BAXIŞ

Martın 8-dən 9-na keçən gecə UFC dünyasında əsas hadisə Las-Veqasda UFC Fight Night 251 turniri olacaq. Bu tədbir çərçivəsində Azərbaycan təmsilçisi Rafael Fiziyev amerikalı Castin Qetji ilə revanş döyüşü keçirəcək. Görüş böyük maraq doğurur və gecənin əsas hadisələrindən birinə çevrilə bilər.

İdman.biz xəbər verir ki, amerikalı əvvəlcə Den Hukerə qarşı döyüşməli idi, lakin yeni zelandiyalı qolunu zədələdiyindən məhz Fiziyev onu əvəzləyəcək.

Döyüşçümüz daha əvvəl Qetji ilə oktaqonda qarşılaşıb: onların döyüşü 2023-cü ilin martında UFC286 turnirində baş tutub və üç raunddan sonra hakimlərin yekdil qərarı ilə rəqibin qələbəsi ilə başa çatıb. Bu, Fiziyevin nüfuzlu təşkilatdakı karyerasında üçüncü məğlubiyyəti idi və indi o, rəqibdən əvəz çıxmaq əzmindədir.

Fiziyev qarşıdakı döyüşün necə mümkün olması ilə bağlı maraqlı əhvalat danışıb: “Den Hukerin zədələndiyini və geri çəkildiyini biləndə dərhal UFC rəhbərliyinə yerinə mübarizə aparmaq üçün müraciət etdim. Razılıq vermədilər, mən də gedib özümə bir kilo dondurma aldım. Ertəsi gün zəng vurub dedilər ki, Las-Veqasa uçum. Qetji ilə döyüş, qısa zamanda alınması faktorunu düşünsək, mənim üçün əsl sürprizdir. Bu, asan deyil, çox böyük riskdir. Amma risk etməyi xoşlayıram. Mən 10 yaşımdan döyüşürəm. Bu mənim həyatımdır. Sabah kiminləsə döyüşə bilməsəm, bu gün özümə döyüşçü deyə bilmərəm. İstənilən vaxt istənilən rəqiblə döyüşməyə hazır olmalıyam”.

Qetji hesab edir ki, qarşıdakı döyüş onların ilk döyüşündən çox da fərqlənməyəcək. “Düşünürəm ki, bu, oxşar ssenari ilə davam edəcək. Məncə, Fiziyev yaxşı zərbə texnikasına malik döyüşçülərdən biridir. Onun hərəkətlərinə nəzarət etməli, tempi təyin etməli və kardioma etibar etməliyəm. Çox çalışmışam və tam on beş dəqiqə ərzində tempi davam etdirə biləcəyimə olan inamım əsas faktor olacaq”.

Öz növbəsində döyüşçümüzün meneceri Sayat Abdrahmanov döyüşə hazırlıq barədə danışıb. “Rafael yaxşı vəziyyətdədir. Döyüşə köklənmək baxımından o, çətinliklərin öhdəsindən gəlməyi xoşlayır. Bir az tərəddüdlər var idi, çünki Qetjinin onunla döyüşməyə razı olub-olmayacağı tam aydın deyildi. Bəziləri deyə bilər ki, Rəfanın itirəcəyi heç nə yoxdur. Digər tərəfdən, hər bir döyüşçü öz sağlamlığını riskə atır. Fiziyevi uzun müddət fasilə vermişdi və onu ciddi rəqib gözləyir. Rafa razılaşıbsa, demək ki, 100 faiz hazırdır. Əvvəlcədən bəhanə axtarmağa ehtiyac yoxdur - biz bu qərarın bütün nəticələrini qəbul etməyə hazırıq”.

Fiziyevin qalib gələcəyi halda çempionluq kəmərinə iddiaçı olub-olmayacağı ilə bağlı suala Abdrahmanov belə cavab verib: “Burada çoxlu faktorlar var, lakin belə bir ssenari tamamilə mümkündür. Hər şey digər namizədlərin vaxtından və hazırlığından asılıdır”.

Qarşıdakı döyüş MMA birliyində qızğın müzakirə olunur. Bəzi sayt ekspertləri hesab edirlər ki, Qetji ən texnikalı döyüşçülərdən deyil və o, yumruqlar və aşağı zərbələr də daxil olmaqla, sadə zərbə arsenalından istifadə edir. Sherdog.com MMA portalı eyd edir: “Buna baxmayaraq, Castin ən sərt yüngülçəkili döyüşçülərdən biri hesab olunur və bunun səbəbi onun nokaut edə bilmək bacarıındadır. Peşəkar kikboksçu olduğu və döyüş sənətinin bu növündə 47 döyüş keçirib və bunun 39-da qalib gəldiyi üçün Fiziyev duruşda daha yaradıcıdır. Rafaelin məsafə hissi yaxşıdır, təpikləri və yumruqları məharətlə kombinə edə bilir və ehtiyac duyanda dizlərdən də istifadə edir".

Beləliklə, qarşıdakı döyüş iki il əvvəlkindən daha maraqlı ola bilər. Yalnız onun başlamasını gözləmək qalır, hər şey Fiziyevin əlindədir.

Zəki Feyzullayev
İdman.biz

Chosen
19
idman.biz

1Sources