EN

Azərbaycan qadınlarının dövlətmizin qurulmasında xüsusi rolu var

8 Mart – Beynəlxalq Qadınlar Günü qadınların hüquqlarının qorunmasını, onların cəmiyyət həyatında fəal iştirakını və gender bərabərliyini ön plana çəkən xüsusi bir gündür. Azərbaycan tarixində qadınlar həmişə dövlət və cəmiyyət quruculuğunda mühüm rol oynamış, elm, mədəniyyət, siyasət və digər sahələrdə böyük uğurlar əldə etmişlər.

Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətində seçib-seçilmək hüququ qazanan ilk qadınlar sırasındadır. Bu, ölkəmizdə qadın hüquqlarına verilən önəmin göstəricisidir. Eyni zamanda, müasir dövrdə Azərbaycan qadınları ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak edir, dövlət idarəçiliyindən elm və incəsənətə qədər müxtəlif sahələrdə mühüm töhfələr verirlər.

Azərbaycan dövləti qadın hüquqlarının qorunmasını prioritet məsələlərdən biri kimi qəbul edir. Gender bərabərliyinin təmin olunması üçün mühüm qanunvericilik aktları qəbul edilmiş, qadınların sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Qadın siyasətinin əsasını qoyan Ulu Öndər Heydər Əliyev bu istiqamətdə mühüm işlər görmüş, Prezident İlham Əliyev isə bu siyasəti daha da inkişaf etdirərək yeni imkanlar yaratmışdır.

Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti qadınların cəmiyyətdə rolunun güclənməsinə böyük töhfə vermişdir. O, həyata keçirdiyi xeyriyyəçilik layihələri, sosial-humanitar təşəbbüsləri ilə Azərbaycan qadınının dünyada nüfuzunu artırmışdır.

8 Mart təkcə bayram deyil, həm də qadınların cəmiyyətin bütün sahələrində daha fəal iştirakını, hüquq və imkanlarının genişləndirilməsini vurğulayan bir gündür. Azərbaycan qadını tarixən olduğu kimi bu gün də milli dəyərlərə sadiq qalaraq, ölkənin inkişafına töhfə verməyə davam edir.

Əziz xanımlar! 8 MART qadınlar gününüz mübarək!

Ülvi Quliyev 

Milli Məclisin deputatı 

Chosen
38
1
moderator.az

2Sources