EN

Vitali Borisov: “Seçim imkanımız geniş deyil”

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov bu gün jurnalistlər üçün brifinqdə iştirak edib.

Arena.az xəbər verir ki, Avropa çempionatının (AÇ-2026) seçmə mərhələi çərçivəsində martın 11-də səfərdə Yunaıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını davam etdirir.

Bu gün komandanın KİV üçün açıq məşqi baş tutub. Baş məşqçi Vitali Borisov hazırlıq və şanslar barədə bunları deyib:

“Martın 3-dən hazırlığa başlamışıq. Sabah Bakıda sonuncu məşqimizi keçirəcəyik və gecəyarısı Afinaya yola düşəcəyik. Seymur Məmmədov ailə vəziyyəti, Rövşən Hüseynli isə məşqdə zədələndiyinə görə heyətdən kənarlaşdırılıb. İstənilən zədə komandamıza təsir edir. Çünki seçim imkanımız geniş deyil.

Səfərə qələbə qazanmaq üçün yollanırıq. Əlbəttə, uzun müddətdir qələbə qazana bilməməyimiz komanda üzvlərinə psixoloji baxımdan təsir edir. Ona görə bu seriyanı qırmalıyıq. İstər Yunanıstanla, istərsə də İsveçlə Bakıdakı oyunlarda qələbə qazanmağa yaxın olduq. Sadəcə, həmin oyunlarda bəxtimiz və təcrübəsizlik sözünü dedi.

İkinci yer uğrunda mübarizə davam edir. Şansımız var. İsveç və Yunanıstanla oyunlarda 3 xal qazansaq, bunu bacaracağıq. Xorvatiyanı məğlub etmək çox çətindir. Uşaqlar istəklidirlər, əhval-ruhiyyə yaxşıdır”.

Azərbaycan millisinin qapıçısı, kapitan Emin Kürdov isə bunları deyib:

“Məşqlərə həftənin əvvəlindən başlamışıq. Sabah isə səfərə çıxırıq. Heyətimizdə müəyyən dəyişikliklər oldu. Hazırlıq plana uyğun şəkildə davam etdirilir. Əvvəlki iki gündə daha intensivlər məşqlər keçdik.

Ab-hava yaxşıdır, səfərdə oynasaq da, hər kəs qələbəyə köklənib. Başa düşürük, çətin olacaq. Onlar doğma meydanda oynayacaqlar. Azarkeş amili də xeyirlərinə olacaq. Bizim isə mübarizəni davam etdirmək, pley-off mərhələsinə vəsiqə qazanmaq üçün qələbə qazanmaqdan başqa şansımız yoxdur. Əslində, ikinci yer uğrunda mübarizə baxımından hər iki komanda üçün vacib görüşdür”.

Chosen
28
arena.az

1Sources