EN

"Azad qadın heykəli"ndəki qadın KİMDİR...

8 Mart - Beynəlxalq Qadınlar Günündə şəhərdə ən çox diqqət çəkən memarlıq abidəsi Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılan "Azad qadın" heykəli olur.

Bu monumental heykəl 1960-cı ildə  heykəltəraş Fuad Əbdürrəhmanov tərəfindən hazırlanıb, memarı Mikayıl Hüseynovdur.

1957-ci ildə Fuad Əbdürrəhmanov ilkin olaraq gipsdən hazırlanmış həmin əsərin tunc versiyasını işləyir. Bu heykəl “Azadlıq” adı ilə İncəsənət muzeyində sərgilənir. Muzeydə əsəri görən sənətkarlar onun şəhərin mərkəzi hissələrindən birində yüksəldilməsinin labüdlüyünü bildirirlər. Bundan sonra Fuad Əbdürrəhmanov heykəlin böyük versiyası üzərində işə başlayır və bu versiyada Azərbaycan qadınının müstəqilliyini daha qabarıq ifadə etməyə çalışır. 1959-cu ildə heykəl indiki Sankt-Peterburq şəhərində tuncdan tökülür və sonradan Azərbaycana gətirilərək ucaldılır.

Maraqlı fakt ondan ibarətdir ki, heykəlin prototipi Fuad Əbdürrəhmanovun həyat yoldaşı Xanım Əbdürrəhmanova (Rəhmanzadə) olub (Xanım Əbdürrəhmanova xalq rəssamı Maral Rəhmanzadənin bacısı idi).

Azərbaycanda çadraya qarşı mübarizə 1908-ci ildə Bakıda, liberal burjua tərəfdarları tərəfindən başlanılmışdı. Lakin, etirazlar xurafatçı din tərəfdarları tərəfindən basılmış və zadəganlar geri çəkilməyə məcbur olmuşlar. Onlar razılığa gəlirlər ki, zadəganlar çadraya qarşı etirazları dayandıracaqlar, bunun əvəzində dindarlar Avropa tipli geyinmiş xanımları təhqir etməyəcəklər.

Azərbaycanın SSRİ-nin tərkibinə qatılmasından sonra, qısa müddət ərzində Azərbaycan qadınının sosial statusu dəyişir. Onlar ictimaiyyət arasına çıxaraq işləməyə başlayırlar. Bütün bu dəyişiklər özünü həm də Azərbaycan qadınının geyimində göstərir. 1920-ci illərdə daha əvvəl basdırılmış çadra əlehinə etirazlar yenidən baş qaldırır. Həmin dövrdə çadradan və xurafatdan imtina edən qız və gəlinlər evlərindən qovulurdu. Qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri də Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi Səriyyə Xəlilova idi. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirir. 1933-cü ildə qətlə yetirilən Səriyyə Xəlilovanın dəfni demək olar ki, bütün Bakını ayağa qaldırmışdı. Onun tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar.

“Azad qadın” heykəli, həmin dövrdə Azərbaycanda hüquq və azadlıqları uğrunda mübarizə aparan qadınların qarşılaşdıqları çətinlik və haqsızlıqlara qarşı mübarizəni əks etdirir. Həmin dövrdə hündür pyedestal üzərində ucaldılmış çadrasını çıxaran gənc azərbaycanlı xanımın heykəli Azərbaycan və Şərq qadının sosial bərabərliyinin simvolu kimi təqdim edilmişdi.

Heykəlin adını aldığı Sevilin kim olduğuna dair iki fikir var. İlkin versiyaya görə heykəl, Cəfər Cabbarlının “Sevil” pyesindən ilhamlanaraq hazırlanıb. Çadradan azad olma Azərbaycan qadınının tənqid və sıxıntılardan uzaqlaşaraq ölkənin ictimai həyatında iştirakı təhsil alma və işləmə hüququnu ifadə edir.

İkinci versiyada isə heykəlin qardaşı tərəfindən öldürülən Səriyyə Xəlilovaya aid olduğu vurğulanır.

Səriyyə Xəlilova 1897- ci ildə Bakıda doğulub. Onun 3 qardaşı olub, Soltan Əhməd, Ağamehdi və Ələkbər. Ataları oxumuş adam olduğundan el məclislərində mollalıq edirmiş. O, hökumət məmurlarının bütün təzyiqlərinə baxmayaraq ilahiyyatdan, mollalıqdan əl çəkmir. Oğlanları da öz məhəllələrində hörməti olur.

Günlərin birində Səriyyə məktəbdə komsomol təbliğatına qoşularaq nümayişkaranə tərzdə çadrasını başından atır. Sonralar isə idman paltarı, şalvar, köynək geyinməyə başlayır. Bacılarının naməhrəmlər qarşısında üzüaçıq görünməsi qardaşların məhəllə içərisində başını aşağı edir. Artıq camaat onları barmaqla göstərir, toyda da, yasda da qeybətlərini edirlər. Bu vəziyyətə dözə bilməyən qardaşı Ələkbər 1933-cü ildə 36 yaşlı bacısını bıçaqlayıb öldürür. Bəzi mənbələrə görə Səriyyənin ölümündə atasının da əli olduğu deyilir.

Atası isə öz oğlunun həyatını xilas etmək üçün qətli öz boynuna götürür. O, ahıl yaşında dəhşətli qatil kimi cəmiyyətə təqdim olunur və zindana salınır.

Bu hadisə Bakıda böyük əks-səda doğurur. Bütün iri sənaye müəssisələrində əksəriyyəti qadınlardan ibarət olan əmək kollektivləri respublikanın rəhbər orqanlarına, hətta Moskvaya belə müraciətlər yazır, qatilin ölüm cəzasına məhkum olunmasını tələb edirlər.

Səriyyənin dəfn mərasiminə minlərlə qadın qatılır, onun öldürülməslə bağlı dərin hiddətlərini bildirirlər.

Onun tabutu arxasınca gedən qadınlar əl-ələ verərək çadralarını çıxarıb tullayırlar. Bu əsl Qadın tətili idi..

Beləliklə, qısa bir məhkəmə keçirilir. Səriyyənin atası ölüm cəzasına məhkum edilir və onu güllələyirlər. Qardaşı Ələkbərə isə 10 il həbs cəzası verilir.

Chosen
27
modern.az

1Sources