EN

"Niyə xoşbəxt olmağa can atmaq bədbəxtliyə gətirib çıxarır?" - psixoloqlardan açıqlama

"İstədiyinizi daha çox əldə etməyə çalışmaq əvəzinə, malik olduqlarınıza baxın və onları xoşbəxtlik kimi qəbul edin..."
 
Cənubi Koreya və Kanadadan olan tədqiqatçılar "xoşbəxtlik paradoksu"nu izah edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "naked-science.ru" nəşri yazıb.
 
Alimlər müəyyən edib ki, insanın daha xoşbəxt olmağa çalışması əks nəticə verir, çünki bu, özünüidarəetmə sistemini tükəndirir.
 
Müasir elmi araşdırmaların böyük bir hissəsi xoşbəxtliyə həsr olunub. Məsələn, son tədqiqatlar göstərir ki, insanın həyatından məmnunluq səviyyəsi onun nə dərəcədə nəzakətli olması ilə əlaqəli ola bilər və günün, həftənin və ilin müəyyən dövrlərində zirvə nöqtəsinə çata bilər.
 
Cənubi Koreyanın Çonbuk Milli Universiteti və Kanadanın Toronto Universitetinin mütəxəssisləri "xoşbəxtlik paradoksu"nun səbəbini aşkar edib. Bu, insanın daha xoşbəxt olmağa çalışdığı zaman əksinə, həyatından məmnunluğunun azalması fenomenidir. Tədqiqatın nəticələri "Applied Psychology: Health and Well-Being" elmi jurnalında dərc olunub.
 
Araşdırma müəllifləri bir neçə yüz insanın iştirak etdiyi eksperimentlər seriyası keçirib. Əvvəlcə alimlər aşkar edib ki, insan xoşbəxt olmağa nə qədər çox çalışırsa, bir o qədər az özünüidarəetmə tətbiq edir. Bunun əsasında fərziyyə irəli sürülüb: xoşbəxtliyə can atmaq və özünüidarəetmə psixi resursların eyni mənbəyi uğrunda "rəqabət aparır".
 
Bu fərziyyəni yoxlamaq üçün yeni eksperimentlər aparılıb. Məsələn, iştirakçılardan müəyyən obyektlərin siyahısını tərtib etmək istənilib (bu, zehni resurslar və özünüidarəetmə tələb edən tapşırıqdır). Nəticədə, xoşbəxt olmağa daha çox çalışanlar bu işə daha az vaxt ayırıb.
 
Onlara istədikləri qədər konfet yeməyə icazə verildikdə, xoşbəxtliklə bağlı reklam izləyən iştirakçılar digərlərindən daha çox şirniyyat yeyib.
 
İnsanlardan ya rifahlarını yaxşılaşdıracaq bir əşya (yəni xoşbəxtlik səviyyəsini artıracaq), ya da, sadəcə, xoşlarına gələn istənilən bir əşya seçmələri istənilib. Xoşbəxtliyi "axtarmaq məcburiyyətində qalanlar" daha çox zehni enerji sərf edib.
 
"Xoşbəxtliyin arxasınca qaçmaq böyük zehni enerji tələb edir. Axına buraxılmaq əvəzinə, siz özünüzü fərqli hiss etməyə çalışırsınız. Bu səylər sizi həqiqi xoşbəxtlik gətirən işləri görmək imkanından məhrum edir", - araşdırma müəllifləri izah edib.
 
Alimlər hesab edir ki, insan xoşbəxtliyə və onu gətirəcək şeylərə "köklənməməlidir". "İstədiyinizi daha çox əldə etməyə çalışmaq əvəzinə, artıq malik olduqlarınıza baxın və onları xoşbəxtliyin mənbəyi kimi qəbul edin",  - tədqiqatçılar tövsiyə edib.
Chosen
11
moderator.az

1Sources