EN

Baş prokuror: Hazırda Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində qadınlara ən yüksək dəyər verilir

Martın 7-də Baş Prokurorluqda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Titul.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev gender bərabərliyinin, qadınların hüquqlarının təmin edilməsinin öncədən bizim xalqın adət-ənənələrində mövcud olduğunu diqqətə çatdırıb: “Azərbaycan tarixinə nəzər salsaq, hər zaman qadınlara hörmət bəslənib, onların cəmiyyətdə roluna xüsusi dəyər verilib. Azərbaycan xalqının Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Həcər, Nigar kimi sayılıb-seçilən qadınları olub. Xanımlarımız şairlərin, yazıçıların əsərlərində vəsf olunub".

Baş prokurorun sözlərinə görə, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların dövlət işlərində çalışması üçün çox yaxşı şərait yaradılıb: "Hələ sovetlər dövründə Azərbaycanda qadınlar aparıcı vəzifələrdə olublar. Müstəqillik əldə edildikdən sonra isə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində qadınların cəmiyyətdə daha təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi, onların hüquqlarının qorunması üçün müxtəlif qanunlar qəbul olunub, sərəncamlar imzalanıb, strategiyalar həyata keçirilib. Hazırda da ölkə rəhbərliyi səviyyəsində qadınlara ən yüksək dəyər verilir".

Qadınların cəmiyyətimizə qazandırdığı töhfələrdən bəhs K.Əliyev 44 günlük Vətən müharibəsində zərif cinsin nümayəndələrinin birbaşa və dolayı iştirakı olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, 44 gün ərzində döyüşərək ölkəmizə Zəfər qazandıran hərbi qulluqçuları məğrur qadınlar dünyaya gətirib, onlara o sevgini həmin xanımlar aşılayıblar. “Azərbaycan qadınlarının fədakarlığından danışarkən ötən ilin sonlarında baş verən təyyarə qəzasını da xatırlamaq yerinə düşər. Ötən ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin ekipaj üzvləri - Hökümə Əliyeva və Aydan Rəhimli hər kəsə örnək ola biləcək davranış sərgilədilər. Onların bu xidməti ölkə başçısı tərəfindən layiqincə qiymətləndirildi. Hökümə Əliyeva "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görüldü, Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olundu”, - deyə Baş prokuror vurğulayıb.

Son illərdə qadınların hüquq-mühafizə, prokurorluq orqanlarında işləməyə xüsusi maraq göstərdiyini bildirən K.Əliyev fikirlərinə belə davam edib: "Məlumdur ki, ildə bir dəfə prokurorluq orqanlarına işə qəbul həyata keçirilir. Statistikaya nəzər salsaq, görərik ki, xanımların sayı ildən-ilə artır. Prokurorluq orqanlarına qəbul olan qadınlar təkcə Bakıda deyil, hətta iqlim şəraiti sərt olan bölgələrdə də fəaliyyət göstərirlər. Prokurorluq orqanları əməkdaşları arasında qadınların, xüsusilə aparıcı vəzifələrdə olan zərif cins nümayəndələrinin sayı kifayət qədərdir. Qadınların hüquq-mühafizə, prokurorluq orqanlarında fəaliyyəti olduqca vacibdir. Onlar işə münasibətilə seçilir və daha ədalətli olmağa çalışırlar. Biz dövlət siyasətinə uyğun olaraq xanımların prokurorluq orqanlarında daha çox işə qəbul olması və karyera inkişaflarını diqqətdə saxlayacağıq".

Hüquq fakültəsində təhsil alan qızların sayının ildən-ilə artdığını deyən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib: "Azərbaycanda bu gün elə imkanlar yaranıb, cəmiyyət o qədər inkişaf edib ki, qadınlar ən çətin sahələri seçirlər. İnformasiya texnologiyaları, texniki peşələr, hüquq-mühafizə orqanları üzrə işləyən qadınların sayı ildən-ilə artır. Gender bərabərliyi deyəndə biz cəmiyyətdə eyni imkanların yaradılmasını istəyirik. Qadınların təhsil almasının, öz işlərində peşəkar, professional olmasının tərəfdarıyıq. Ailədə qadının rolu çox böyükdür. Gələcək nəslin tərbiyəsi qadınlardan asılıdır. Ona görə qadınların təhsilli, bilikli olması böyük əhəmiyyət kəsb edir. Ulu Öndərin təşəbbüsü ilə təhsil alan qadınların çoxu indi yüksək vəzifələrdə çalışırlar. Qadın siyasəti ilə bağlı xeyli sayda Sərəncam, Fərman, Qərar imzalanıb. Bu gün qanunvericiliyimiz çox güclüdür, hər il əlavələr, dəyişikliklər olur. Hüquq-mühafizə orqanları da bununla bağlı təşəbbüslər irəli sürür və Milli Məclis buna uyğun addımlar atır".

Digər çıxış edənlər də Azərbaycanda qadınların müxtəlif sahələrdə uğurlu fəaliyyətindən bəhs edib, hüquq-mühafizə orqanlarında qadınların işləməsi üçün yaradılan imkanlara görə məmnunluq ifadə ediblər.

Daha sonra mükafatlandırma mərasimi keçirilib. Prokurorluq orqanlarının veteran və hazırkı qadın heyəti arasında fərqlənən əməkdaşlar təltif olunublar.

Tədbirdə "Prokurorluqda qadın gücü" adlı sənədli-bədii qısametrajlı film nümayiş etdirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Chosen
23
2
titul.az

3Sources