EN

Qadın dirijor: Ən böyük arzum bu il Şuşada Üzeyir Hacıbəylinin “Cəngi”sinə dirijorluq etməkdir

Bakı, 9 mart, Göyçək Mahmudlu, AZƏRTAC

Qadınlar hər bir cəmiyyətin inkişafında mühüm rol oynayan, onun sosial, iqtisadi, mədəni və siyasi həyatına töhfə verən əsas qüvvələrdən biridir.

Müasir dövrdə qadınlar müxtəlif peşə sahələrində özlərini təsdiq edir, həkim, mühəndis, müəllim, hüquqşünas və digər peşələrdə çalışaraq ölkənin iqtisadi inkişafına dəstək göstərirlər. Qadınların əhəmiyyətli iz buraxdığı sahələrdən biri də incəsənət və mədəniyyətdir. Onlar yazıçı, şair, rəssam, aktyor, rejissor və musiqiçi kimi cəmiyyəti mənəvi olaraq qidalandırırlar. Belə qadınlardan biri də Azərbaycan Milli Konservatoriyasının dissertantı, 24 saylı 11 illik musiqi məktəbinin müəllimi Nəsibə Cəfərovadır.

AZƏRTAC-ın müxbiri dirijor, musiqişünas Nəsibə Cəfərova ilə həmsöhbət olub.

- Nəsibə xanım, Azərbaycanda qadın dirijorlara çox az hallarda rast gəlinir. Necə oldu ki, siz məhz dirijor olmaq qərarına gəldiniz? İlk dəfə öz bacarığınıza hansı orkestr ifasından sonra əminlik yarandı?

- Uşaq yaşlarımdan Azərbaycan televiziyasında yayımlanan orkestr ifalarına baxırdım. Niyazinin dirijorluğu mənə çox maraqlı gəlirdi. Onun əl hərəkətləri məni ovsunlayırdı. Böyüdükcə bu sahədə uğurlu olacağıma əminlik yaranırdı. Musiqi məktəbinə sənədlərimi verəndə də artıq istiqamətimi dəqiqləşdirmişdim. Azərbaycanda qadın dirijorlar az olsa da mən özümü dirijorluqda tapdım.

On doqquz yaşımda ilk dəfə dirijorluq etdiyim əsər Hacı Xanməmmədovun “Xəyali rəqsi”dir. 20-21 yaşım olanda konservatoriyada oxuyarkən qrup yoldaşlarımla ansambl yaradaq konsert təşkil etdim. Səsləndirilən musiqilər əsasən Tofiq Quliyevin, Ramiz Mirişlinin əsərlərindən ibarət idi. Təbii ki, bütün uğurların arxasında motivasiya, dəstək dayanır. Bu yolda mənim ən böyük dəstəkçilərim ailəm və müəllimlərim oldu. Müəllimlərim arasında ən böyük motivasiyanı Ramiz Mirişlidən almışam. Kumirim isə Əməkdar incəsənət xadimi Lalə Hüseynovadır. 24 saylı 11 illik musiqi məktəbinin direktoru Sabir Rzayev də öz dəstəyini əsirgəmir.

- Azərbaycanda qızlar daha çox hansı çalğı alətlərinə üstünlük verirlər? Hansısa bir alətdə ifa etməyi bacaran sonradan dirijor ola bilərmi?

- Əvvəlcə mən musiqi məktəbində fortepiano ifaçısı olmuşam. Hansısa musiqi alətində ifa edə bilib sonra dirijor olmaq daha yaxşıdır. Alətin potensialına bələd olursan. Xanımlar daha çox piano, kamança, qanun ifa etməyə üstünlük verirlər. Ən sevdiyim alətlərdən biri balabandır. Orkestrdə onun səsi gələndə adamın ruhu dincəlir. Özüm də orkestrdə xüsusilə də xalq çalğı alətlərinə üstünlük verirəm. Simfonik orkestr də maraqlıdır, amma xalq çalğı alətləri bir başqadır.

- İndiyə kimi hansı əsər sizə daha çox təsir edib. Bir ifadə var “sanki qolum-qanadım qırılıb yanıma düşmüşdü” elə bir hal yaşamısınızmı?

- Fikrət Əmirovun əsərləri mənə çox təsir edir. Xüsusilə də “Kor ərəbin mahnısı”, “Konsert” əsərlərində sözün həqiqi mənasında əllərimi hiss eləmirəm.

Niyazinin “Simfonik muğam”ı insanı fərqli dünyaya aparır.

Təbii ki, yerli bəstəkarlarla yanaşı, xarici bəstəkarların da əsərlərinə müraciət edirəm: İohann Sebastian Bax, Lüdviq van Bethoven, Frederik Şopen, Pyotr Çaykovski, Dmitri Şostakoviç...

Bir əsərin lirikasını, dinamikasını ruhuma yaxın bilirəmsə, onun üzərində işləməyə başlayıram.

- Bir dirijor kimi ən böyük arzunuz nədir? Hansı mahnıların orkestr ifasına dirijorluq etmək istərdiniz?

- Əslində fevralın 21-də Üzeyir Hacıbəylinin ev muzeyində konsertimiz olanda istədiyimiz mahnıların dirijorluğunu etdim: “Cəngi”, “Qaytağı” “Sərhədçilər marşı”, Azərbaycan xalq rəqsi “Brilliant”, “Qızmar günəş altında” kinofilmindən “Qızların mahnısı”...

Bu ilin sentyabrında dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illi tamam olur. Ən böyük arzularımdan biri məhz bu il böyük musiqişünas-alimin doğma yurdu Şuşada “Cəngi”nin dirijorluğunu etmək istəyirəm.

Hacı Xanməmədovun kamança ilə xalq çalğı alətləri üçün konserti var. Çox böyük əsərdir, xalq və əməkdar artistlər tərəfindən ifa edilib. Ən böyük arzularımdan biri həmin əsərin ifasıdır.

- Bəs bir müəllim kimi şagirdlərinizlə aranızdakı bağ necədir? Konsertin uğurlu olması üçün onları necə motivasiya edirsiniz?

- Müəllim peşəsi mənim üçün müqəddəsdir. Çalışıram ki, öz peşəmi ləyaqətli şəkildə yerinə yetirim. Mən onlarla davranışı öz müəllimlərimdən öyrənmişəm. Şagirdlərimi çox sevirəm, onlar da məni çox sevir. Onlarla aramda bir fərqli, doğmalıq hissi ilə əhatələnən bir bağ qurmuşam. Hansısa bir mahnı üzərində işləməzdən əvvəl şagirdlərimə onu dinlədirəm və notların ruhlarına, mənəvi aləmlərinə yaxın olduğunu öyrənirəm. Həmin metod və sevgi ilə qısa müddətdə hətta 13-15 yaşlı şagirdlərim orkestrləşdirməyə daxil ola biliblər. Müşahidələrimə əsasən şagirdlərim dinamik qəhrəmanlıq mövzusunda əsərləri daha yaxşı qavrayırlar. Konsertlərdən əvvəl orkestrin hər bir üzvü ilə ayrı-ayrı danışıram, musiqilərin notlarını bir növ onların daxili aləmlərinə köçürürəm. Onlar “Cəngi”də döyüşkənlik irəli atılmaq hissini, “Sərhədçilər marşı”nda Zəfəri yenidən yaşayır, qəhrəmanların ayaq səslərini hiss edirlər. Hər musiqi aləti ilə ayrı-ayrı işləyib onları birləşdiririk. Orkestrin üzvləri hər mahnını hiss edərək ifa edir.

Xalq çalğı alətlərində ansamblın dahi bəstəkarların əsərlərini ifa etməsinə üstünlük verirəm. Hazırda Fikrət Əmirovun “Kor ərəbin mahnı”sı üzərində işləyirik. Əsər çətin də olsa, alınacağına inanıram. Onu da qeyd edim ki, bizim orkestr Türkiyə və İsveçrədə festivallarda birinci olub. Bu ay isə xarici ölkəyə səfərimiz olacaq.

- Siz həm də musiqişünas kimi folklor nümunələrinin araşdırmasını aparırsınız? Hansısa yeniliklərə rast gəlmisiniz?

- Hazırda dissertasiya işim folklor nümunələrinin araşdırması ilə bağlıdır. Həmin istiqamətdə 6 yerli, iki xarici məqaləm var. Dəfələrlə beynəlxalq konfranslarda iştirak etmişəm. Bütün bölgələri araşdırıram. 200-dən çox folklor nümunələri tapmışam. Yeni folklor nümunələri üzə çıxır. Məlumdur ki, bir xalqı tanıdan nüanslardan biri də mədəniyyət, incəsənətdir. Hazırda informasiya müharibəsinin getdiyi bir dövrdə, naxələf qonşularımızın bizim mədəniyyətimizə, musiqimizə əl uzatdığı bir zamanda öz folklor nümunələrimizi araşdırmaq və tanıtmaq musiqişünasların vəzifəsidir. Çalışıram ki, bu sahəyə də öz töhfəmi verim.

- Qeyd etdiniz ki, ailə üzvləriniz ən böyük dəstəkçilərinizdən olub. Ailələrə səslənib nə demək istərdiniz?

- Atam, anam, qardaşım, həmçinin müəllimlərim mənə çox inandılar. Mənim potensialıma bələd olandan sonra irəli getməyim üçün hər zaman dəstəklərini hiss elədim. Qardaşım da skripka ifaçısıdır. Mən, həmçinin əsərlər də yazıram. Pyeslərim, 20-yə yaxın çalğı alətləri üçün orkestrləşməm var.

Sonda buradan bütün ailələrə səslənirəm ki, öz övladlarının potensialı olan sahədə irəliləməsinə şərait yaratsınlar, xüsusilə də qızlarını bir fərd kimi dinləyib, onların uğur əldə etməsində pay sahibi olsunlar.

 

Chosen
30
azertag.az

1Sources