EN

İsrail və HƏMAS atəşkəs danışıqlarının yeni mərhələsinə hazırlaşır

İsrail və Fələstinin İslamçı HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin uzadılması üçün danışıqların növbəti mərhələsinə hazırlaşdıqlarına işarə ediblər. Tərəflərin bəyanatları vasitəçilərin yanvarda başlayan 42 günlük atəşkəs rejimini uzatmaq səyləri fonunda verilib.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi ölkəsinin danışıqlara hazırlaşdığını qeyd edib.

"İsrail ABŞ-ın dəstəklədiyi vasitəçilərin dəvətini qəbul edib və danışıqları irəli aparmaq üçün bazar ertəsi Dohaya nümayəndə heyəti göndərəcək", - İsrail baş nazirinin ofisi bildirib.

HƏMAS-ın nümayəndə heyəti Qahirədə Misir vasitəçiləri ilə atəşkəs danışıqlarında iştirak edir. Misir tərəfi Qətər rəsmiləri ilə birlikdə danışıqlar prosesinin səylərinə kömək edir.

Qeyd edilir ki, onlar İsrail və HƏMAS arasında müharibənin dayandırılmasına zəmin yarada biləcək razılaşmaların növbəti mərhələsinə keçməyə çalışırlar.

HƏMAS-ın sözçüsü Abdel-Lətif əl-Kanua deyib ki, onların təşkilatı “xalqımızın tələblərinə cavab verən şəkildə danışıqların ikinci mərhələsində iştirak etməyə hazır olduğunu təsdiqləyir”. O, həmçinin Qəzza zolağına yardım göstərmək və anklav sakinlərinə qarşı blokadanın aradan qaldırılması üçün səyləri gücləndirməyə çağırıb.

Daha sonra HƏMAS, Əbdül-Lətif əl-Kanuanın dediyi kimi, seçkilərə qədər Qəzzanı idarə etmək üçün “milli və müstəqil” xarakter daşıyacaq komitənin yaradılmasını təsdiqlədi.

Daha əvvəl Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirmişdi ki, Qahirə fələstinlilərlə əməkdaşlıq edərək, İsrail və HƏMAS arasında müharibə bitdikdən sonra Qəzza zolağının idarə edilməsinə həvalə olunacaq müstəqil peşəkar fələstinli texnokratlardan ibarət inzibati komitənin yaradılması üçün çalışıb.

Misir prezidentinin bəyanatı ABŞ prezidenti Donald Trampın “Yaxın Şərq Rivierası” vizyonuna zidd olaraq Misirin Qəzzanın alternativ rekonstruksiya planını qəbul edən ərəb sammiti zamanı səsləndirilib.

Əziz Mustafa, Oxuməni.az

Chosen
21
oxumeni.az

1Sources