EN

Azərbaycanda güclü zəlzələ gözlənilir? - Yetirmişli açıqladı


Yeraltı təkanlar laylardakı parçalanmalar nəticəsində baş verir.

News24.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli son sutkada baş verən zəlzələlərlə əlaqədar deyib.

"Elə gün olur ki, respublika ərazisində bu cür 20, 30, 40 təkan olur. Mən deməzdim ki, burada qeyri-adi nəsə var. Məsələn, Babadağda yaşayış məntəqəsi yoxdur, təkan olub, maqnitudası 3,7 olub, heç yerdə hiss olunmayıb, amma biz bunu verməliyik. Çünki yer elmləri üzrə qurumların hamısı ilə işbirliyi aparırıq. Belə qəbul olunub. Bu məlumatlar çatmalıdır", - o bildirib.

Q.Yetirmişli ötən il 6000-ə yaxın yeraltı təkanın qeydə alındığını vurğulayıb:

"Ondan 15-i hiss olunub. Biz 2024-cü ili ən zəif il kimi götürmüşdük. Dağıdıcı zəlzələ olmamışdı. 3 dənə maqnitudası 5-dən yuxarı olan zəlzələ olmuşdu və bunlar da ciddi fəsadlar törətməmişdi. 5-dən yuxarı maqnitudalı zəlzələlər Lənkəran, Lerik, Sabirabadda olmuşdu. Allah uzaq eləsin, katastrofik dağıdıcı zəlzələlərdən. Gedən prosesləri izləyirik, güclü dağıdıcı zəlzələ ehtimalına əsas vermir. Bu cür təkanlar olub, olacaq. Amma elə seysmogen bölgə yoxdur ki, orada güclü zəlzələ olsun".

Qeyd edək ki, Azərbaycanda son 24 saatda bir neçə zəlzələ qeydə alınıb. Saat 04:01-də İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ olub, ancaq yeraltı təkanlar hiss edilməyib.

Ardınca səhər saatlarında Lerik rayonunda 4 bal gücündə zəlzələ baş verib. Rəsmi açıqlamada bildirilir ki, zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.


Chosen
36
32
news24.az

10Sources