EN

İğdır-Naxçıvan qaz kəməri - “Ümid” qardaşlıq körpüsünün davamı - ŞƏRH

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan-Türkiyə münasibətlərinin böyük və şərəfli tarixi var. Bir millətin iki dövləti kimi ortaq kök, dil, adət və ənənələrə malik olan ölkələrimiz tarixin ən mürəkkəb, gərgin zamanlarında bir-birinə dəstək nümayiş etdirərək birgə addımlayıblar. Bu qardaşlıq münasibətlərinin dərinləşməsində Ulu Öndər Heydər Əliyevin mislsiz xidmətləri var.

Ümummilli Liderin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə Türkiyə ilə qurulan sağlam münasibətlər keyfiyyətcə yeni mərhələyə daxil oldu. Sonrakı dövrlərdə Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə ikitərəfli əlaqələr gerçək tərəfdaşlıq müstəvisində davam etdirildi. Siyasi, iqtisadi, mədəni əlaqələr nəticəsində birliyimizin yaranmasında və inkişafında uğurlu nəticələr əldə edildi, strateji tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında inkişaf yoluna qədəm qoyuldu.

Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu, bununla yanaşı, Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqlini təmin edən "Cənub qaz dəhlizi"nin bir hissəsi olan boru kəməri enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə iqtisadi töhfə oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan MR Ali Məclisinin deputatı Xumar Məmmədovanın açıqlamasında yer alıb.

Onun sözlərinə görə, martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi 33 il əvvəl Ulu Öndərin gərgin zəhməti hesabına ərsəyə gələn “Ümid” qardaşlıq körpüsünün davamı kimi tarixə həkk olundu. Şübhəsiz ki, ötən əsrin sonlarında blokadaya salınmış Naxçıvanın yaşadığı iqtisadi çətinliklərin, xüsusilə, nəqliyyat blokadasının ləğvində bu körpünün əhəmiyyəti böyük oldu.

Tarixi hadisə olan “Ümid” körpüsünün yaranmasını xalqımızın Ümummilli Lideri Heydər Əliyev o zaman belə şərh etmişdi: “Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum”.

33 il sonra Naxçıvan Muxtar Respublikasının həyatında daha bir əlamətdar hadisə baş verdi. Türk dünyasının iki liderinin birgə səyləri nəticəsində Nuh diyarının enerji təhlükəsizliyini gücləndirəcək, muxtar respublikanın enerji asılılığının azalmasına müsbət mənada təsir göstərəcək İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimi keçirildi.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, qədim torpağımız olan Naxçıvan bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Sovet hakimiyyətinin Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdirilməsinin nəticəsi kimi Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatında çox mənfi təsirlə müşahidə olunub. Ölkəmizin başçısı Birinci Qarabağ savaşına toxunaraq vurğuladı ki, Qarabağ işğal olunandan sonra məkrli düşmən Naxçıvanı blokadaya aldı, məqsəd Naxçıvanı da işğal etmək idi. Ancaq Ulu Öndər Heydər Əliyev Naxçıvanın rəhbəri kimi düşmənin xain planını alt-üst etdi. Onun rəhbərliyi ilə sakinlər səfərbər olundu və Naxçıvan qorundu. Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin əhəmiyyətindən danışaraq qeyd etdi ki, Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürüləcək və bu da muxtar respublikanın enerji təhlükəsizliyini təmin edəcək. Şübhəsiz ki, bu layihənin qlobal çəkisi də böyük olacaq və regionun iqtisadi potensialının dinamikasını artıracaq.

“İğdır-Naxçıvan qaz kəməri sarsılmaz qardaşlığa yeni töhfə oldu. Bu gün görünən odur ki, istər regional, istərsə də qlobal müstəvidə Türkiyə-Azərbaycan qardaşlığının analoqu yoxdur. Buna qədər imzalanan sazişlər, birgə atılan diplomatik addımlar təkcə iqtisadi maraqlarla məhdudlaşmayıb, tam şəkildə regional təhlükəsizliyə və sülhə xidmət edir. Türkiyə-Azərbaycan dostluğu bütövlükdə Türk dünyası birliyində müstəsna rol oynamaqla yanaşı, həm də Anadoludan uzaq Şərqə qədər böyük bir coğrafiyada ədalətsizliyə və imperialist siyasətə qarşı bütün xalqların güvəndiyi tək güc mərkəzidir. Çağdaş dünyamızın müharibələr, siyasi kataklizmlər, iqtisadi böhranlar girdabında olduğu bir zamanda iki qardaş ölkənin imzaladığı qaz nəqli sazişi bir daha onu təsdiqləyir ki, beynəlxalq arenada Bakı-Ankara sarsılmaz birliyi qarşısında dayanan güclər zəifdir. Bu birlik tək iki qardaş xalqın deyil, bütövlükdə dünya birliyinin sülh və sabitlik içində yaşaması üçün ən layiqli örnəkdir.

Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan xalqı qüdrətli Türkiyə dövləti ilə qardaşlığın xoşbəxtliyini yaşayır!”, - deyə deputat qeyd edib.

Chosen
39
azertag.az

1Sources