10 mart 1735-ci ildə Səfəvilər və Rusiya arasında Gəncə müqaviləsi bağlanıb. Bu sazişə əsasən rus qoşunları Bakı və Dərbəndi tərk ediblər.
Bəs, martın 10 -da dünyada daha hansı hadisələr baş verib?
1. 10 mart 1804-cü ildə Sent-Lüisdə təşkil olunan mərasimdə Luiziananın Fransadan ABŞ-a verilməsi təsdiqləndi.
2. 10 mart 1876-cı ildə Aleksandr Bell ilk telefon zəngini həyata keçirdi.
3. 10 mart 1910-cu ildə Hollivudda çəkilən ilk film – “İn Old California” nümayiş olundu.
4. 10 mart 1919-cu ildə Çində köləlik ləğv edilib
5. 10 mart 1920-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyəti general-leytenant Əliağa Şıxlinskinin və Fətəli xan Xoyskinin təşəbbüsləri əsasında təsis edilmişdir.
6. 10 mart 1945-ci ildə ABŞ hava qüvvələri tərəfindən Tokionun bombalanması 100 mindən artıq mülki şəxsin ölümünə səbəb oldu.
7. 10 mart 1977-ci ildə Astronomlar Uranın ətrafında halqaların olduğunu müəyyən etdilər.
8. 10 mart 2002-ci ildə “Azərreyl” voleybol komandası CEV Kubokunu qazandı.
9. 10 mart 2004-cü ildə Bakı Beynəlxalq Aeroportunun adı dəyişdirilərək Heydər Əliyev Beynəlxalq Aeroportu adlandırılıb.
10. 2006-cı ilin bu günündə Beynəlxalq Böyrək Fondunun və Amerika Nefroloji Assosiasiyasının təşəbbüsü ilə Dünya Böyrək Günü təsis olunub. Bu gün hər il mart ayının ikinci cümə axşamı qeyd olunur. Builki Dünya Böyrək Günü "Uşaqlar və böyrək xəstəlikləri. Böyrək xəstəliklərinin yayılma dərəcəsini azaltmaq üçün tez hərəkətə keçin" devizi altında keçirilir.
11. 10 mart 2014-cü ildə Bakıda I Milli Vikipediya Forumu keçirildi.
12. 10 mart - Milli Teatr Günüdür. Bu gün Azərbaycan teatrı yaranmasının 152-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.
Martın 10-da bu şəxsiyyətlər xatırlanır.
1. 10 mart 1772-ci ildə alman filosofu, filoloq, dilçi və yazıçı Fridrix Şlegel (1772-1829) anadan olub.
2. 10 mart 1878-ci ildə böyük yazıçı, dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadə (12.7.1812 - 1878) Tiflisdə vəfat edib. Yazdığı 6 komediya (“Müsyö Jordan və dərviş Məstəli şah”, “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə Azərbaycan dramaturgiyasının, “Aldanmış kəvakib” povesti ilə milli realist nəsrin təməlini qoyub.
3. 1915-ci ilin bu günündə Azərbaycanın ilk balet rəqqasəsi, SSRİ Xalq artisti Qəmər Almaszadə anadan olub (1915-2006).
4. Qəmər Almaszadə 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət mahnı və rəqs ansamblının əsasını qoyub. "Yeddi gözəl", "Qız qalası", "Qu gölü", "Don Kixot", "Jizel" və digər baletlərə quruluş verib. Fransa, Hindistan və Nepalda çıxışlar edib. 1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunub. 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi fəaliyyət göstərib.
5. 10 mart 1940-cı ildə Xalq artisti, xanəndə Canəli Xanəli oğlu Əkbərov (1940 – 22.10.2021) Lənkəran rayonunun Tükəvilə kəndində doğulub. Opera tamaşalarında baş rollarda (Məcnun, Kərəm, Aşıq Qərib, Şah İsmayıl və s.) çıxış edib.
6. 10 mart 2004 -ci ildə Xalq artisti, görkəmli sənətkar Nəsibə Zeynalova (20.4.1916 - 2004) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb. “Ögey ana”, “Böyük dayaq”, “Ulduz”, “Qayınana”, “Yuxu” və s. filmlərdə maraqlı obrazlar yaradıb.
7. 10 mart 2021-ci ildə Xalq rəssamı Mirnadir Zeynalov (12.11.1942 – 2021) vəfat edib.
Surxay Atakişiyev, Bizim.Media