EN

Alimlər söyüşlərin insan sağlamlığı üçün faydalı ola biləcəyi müəyyən edib

"Söyüşlər insanı rahatlandırır və psixoloji maneələri aradan qaldıraraq daha çox güc sərf etməyə imkan verir..."
 
Aparılan eksperimentlər göstərib ki, söyüş söyən insanlar ağrını daha az hiss edir və fiziki dözümlülükləri artır. Alimlər hazırda bu fenomenin mexanizmlərini və onun tibbi məqsədlərlə istifadəsini araşdırır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
 
Britaniyanın Kiel Universitetindən psixoloq Riçard Stivens və onun həmkarları bir eksperiment keçirib. Təcrübədə iştirak edənlər əllərini buzlu suya salıb.
 
Onlardan bir qrupa söyüş söyməyə, digərlərinə isə neytral sözlər deməyə icazə verilib. Nəticə maraqlı olub: söyüş söyənlər soyuğa daha uzun müddət dözüb, onlar ağrını daha az hiss edib.
 
Oxşar araşdırma ingilis və yapon dillərinin daşıyıcıları arasında da aparılıb. Yaponiyada söyüşlər ingilis dilindəki qədər güclü qəbul olunmasa da, nəticə eyni olub- söyüşlər insanların ağrını daha yaxşı idarə etməsinə kömək edib.
 
Söyüşlər fiziki gücü artırır?
 
Stivensin komandası bu dəfə velotrenajorda anaerob test aparıb. Təcrübə zamanı söyüş söyənlər daha yüksək fiziki göstəricilər əldə edib.
 
Alimlər belə bir nəticəyə gəlib ki, söyüşlər insanı rahatladır və psixoloji maneələri aradan qaldıraraq daha çox güc sərf etməyə imkan yaradır.
 
Söyüşlər ağrıya qarşı "dərman" ola bilərmi?
 
Samford Universitetindən tədqiqatçı Nik Vaşmut hesab edir ki, söyüşlər ağrı terapiyasında "təbiət tərəfindən verilmiş dərman" kimi istifadə oluna bilər. Onun fikrincə, ən güclü effekt ən emosional yüklənmiş söyüşün 1-3 saniyəlik fasilələrlə deyilməsi ilə əldə edilir.
 
Lakin ictimai yerlərdə açıq şəkildə söyüş söymək birmənalı qarşılanmadığı üçün alimlər hazırda bu effekti düşüncədə deyilən söyüşlərin də yaradıb-yaratmadığını araşdırır.
Chosen
23
moderator.az

1Sources