Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Avropa Liqalarının (European Leagues) 50-ci Baş Assambleyasına qatılıb.
Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Almaniyanın Frankfurt şəhərində təşkil olunan tədbir eyni zamanda Avropa Liqalarının 20 illik yubileyinə həsr olunub.
Assambleyaya 40 liqanın nümayəndələri qatılıblar. Tərəflər futbol sənayesinin idarə olunması və təkamülü yönündə ətraflı müzakirələr aparıb, yeni planlar üzərində çalışmaların startının önəmini qeyd ediblər. Baş Assambleya zamanı bir sıra mühüm qərarlar qəbul edilib.
PFL rəsmisi Avropa Liqalarına daxil olan ölkələrin nümayəndələri ilə ümumi və təkbətək görüşlər keçirərək, fikir mübadilələri aparıb.
Tədbirdə Avropa Liqalarının yeni rəhbərliyi də müəyyənləşib. İsveç Futbol Liqasının rəsmisi Klaudius Şafer sözügeddən qurumun prezidenti seçilib. Eyni zamanda Direktorlar Şurasının yeni heyəti açıqlanıb və LaLiqanın yenidən Avropa Liqalarına qoşulması rəsmiləşib.
Qeyd edək ki, PFL 2013-cü ildən Avropa Liqalarının tamhüquqlu üzvüdür.