EN

"Bütün əsas siyasi partiyalarının bir yerdə toplanması..." - SORĞU

Məlumdur ki, ötən günlərdə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə martın 6-da Xankəndi, Əsgəran və Xocalıya yola düşüblər. SİA mövzu ilə bağlı səfərdə iştirak edən politoloq Züriyə Qarayeva və Aytən Qurbanovanın fikirlərini öyrənib.

Politoloq Züriyə Qarayeva: “2020-ci ildə Vətən müharibəsindəki qələbə ilə suverenlik bayrağını göylərə qaldıran ölkəmiz, bu gün təkcə torpaqlarını deyil, siyasi arenada birliyini də zəfərlərlə bəzəyir. Prezident İlham Əliyevin qətiyyəti ilə başlayan bu yeni səhifə, hərbi gücümüzün möhtəşəm təsdiqi ilə yanaşı, artıq siyasi dialoqun səsiylə də yazılmağa davam edir. Xankəndi, Xocalı və Əsgərana səfər edən siyasi partiya liderlərinin birgə addımları, bu prosesin ürəkaçan sübutudur. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması isə qalibiyyətin daha mühüm, konstitusion nəticəsidir– Azərbaycanın öz gücünü dünyaya bir daha göstərəcəyi anın ifadəsidir.

Xankəndidə partiya rəhbərlərinin görüşü, əslində bir yumruq kimi birləşən Azərbaycanın simvoludur. Bu, sadəcə səfər deyil, keçmişin yaralarını sağaldıb gələcəyə ümidlə baxan bir xalqın manifestidir. Çox az müddət bundan əvvəl Xankəndi meydanında ölkəmizi parçalamış, xalqımızın qanına susamış separatçıların səsi eşidilir, qondarma parad oyunları təşkil edilir, əzəli-əbədi yurd yerlərimizdə bizə gözdağı verirdilər. Bugün Xankəndi meydanı elə bir rol oynayır ki, siyasi dialoq burada soyuq protokollardan çıxıb, isti bir həmrəylik səhnəsinə çevrilib. Əsgəranın daşlarında tarix, Xocalının torpağında ədalət, Xankəndidə isə qürur var – və bu üçü birləşərək Azərbaycanı yenidən doğulmuş bir ulduza çevirir, Bakıda isə Xankəndi meydanında bir zamanlar cığallıq edən düşmən terrorçuları ədalət mühakiməsi qarşısında cavab verirlər.

Xocalının bərpa olunan evləri, Xankəndinin turizm xəyalları – bunlar suverenliyin sadəcə xəritədəki xətlər deyil, həyatda nəfəs alan bir reallıq olduğunu göstərir. Dialoqla toxunan bu zəfər, Azərbaycanı təkcə regionun lideri deyil, həm də birlik dərsi verən bir ölkə edir.
Prezident Administrasiyasından Ədalət Vəliyevin “vətənpərvərlik və dövlətçilik bizim təməlimizdir” sözləri, bu hərəkatın kökünü, özülünü açıqlayır. Siyasi partiyalar ölkənin, ortaq məqsədə – Azərbaycanın yüksəlişinə xidmətə qoşulublar.

Yeni siyasi mədəniyyət başqa formada bu dialoqla özünü büruzə verməkdədir.
Azad torpaqların nəqliyyat coğrafiyası da çox qəribə bir formadadır, yollar siyasi coğrafiyanın xəritəsini yaşadaraq, qalibiyyəti hiss etdirir, Xocalıya həyat qayıdır, Xocavəndin fatehlərinin “əl işləri” yaxın keçmişin qürururun bir daha oyadır, Şuşada Qarabağ tarixinin zirvəsinə şahid olduqdan sonra mütləq bu mühüm marşrut dövlətimizin baş planında tamamlanmalıdır. Xankəndi - Qarabağ xanlarının evi, yurdu, 300 illik tarixin qısa mündəricatı, erməni millətçiliyinin vurduğu yaralar və nəhayət, qalibiyyətin gətirdiyi təntənə. Burda artıq gənclik, uşaqlar, təhsil, elm, univeristet- bir sözlə, qaynar həyat müşahidə edilməkdədir. Qarabağın azadlığı bizim Suveren azaldığımızı əbədiyyən təsis etmiş oldu.

Xankəndi səfərindən sonra siyasi liderlərin dilindən düşməyən möhtəşəm fikirlər, təəsüratlar Azərbaycanın pozitiv gündəmini təşkil edir. 2025-ci il bu dirçəlişin adıdır-Konstitusiyamızın qüruru və birliyimizin coşqusu ilə! Xankəndidən Xocalıya uzanan bu yol, təkcə torpağın deyil, ruhumuzun da azadlığıdır. Bu səfərlər, keçmişin izlərini silmədən, üzərinə gələcəyin planlarını çəkir. Suverenlik ili bizə bir dərs verir: birliyimizlə hər daşı yerindən oynada bilərik!”.

Politoloq Aytən Qurbanova: “Azərbaycan Respublikasının vətəndaşı olmağın verdiyi haqlı qürurla suverenlik və konstitusiya ilimizi qeyd edirik. Hər bir dövlətin tarixinin ən önəmli mərhələsinin, gücünün və qüdrətinin zirvəsini yaşadığı dövrün canlı şahidləri olduğumuz üçün çox şanslıyıq. Xüsusilə də, son beş ildə əldə etdiyimiz nailiyyətlərə nəzər yetirdikdə aydın şəkildə müşahidə etmək mümkündür ki, qlobal güclərin əsrlər boyu formalaşdırdığı ədalətsiz prinsiplərlə mübarizə apararaq təkbaşına bu zirvəyə qalxa bilmək heç də hər dövlətin əldə edə biləcəyi nailiyyət deyil.

Cənab Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında təkbaşına apardığımız ədalət mübarizəmizdə 44-günlük Vətən müharibəsinin tarixi zəfərimizlə nəticələnməsi və ərazi bütövlüyümüzün bərpa olunması buna bariz nümunədir. Ali Baş Komandanın uzaqgörən diplomatiyası və qətiyyətli mövqeyi, ordunun yüksək döyüş qabiliyyəti, müasir silahlanma, şəxsi heyətin vətənpərvərlik ruhu və xalq-dövlət birliyi qələbəmizi şərtləndirən başlıca xarakterik xüsusiyyətlər hesab oluna bilər. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın müharibədəki qalibiyyəti, yalnız ölkəmizin siyasi və hərbi qüdrətinin simvolu deyil, həm də regionda sülhün və ədalətin bərpa olunması istiqamətində əldə edilmiş müstəsna əhəmiyyətə malik uğurdur. Eləcə də, hərbi və diplomatik cəbhədə qazanılan üstünlüklərlə Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi də gücləndi. Cənab Prezidentin uğurlu xarici və daxili siyasətindəki uyğunluq ölkəmizin sabitliyinin və inkişafının əsas zəmanəti oldu. Təbii ki, bu nailiyyətlər fonunda atılmış addımlar ölkədəki siyasi mühitə də təsirsiz ola bilməzdi.

Dövlət başçımızın təşəbbüsü ilə son beş ildə görülən işlər buna bariz nümunədir. Artıq müxtəlifliklərə baxmayaraq tərəflərin bir-birini dinlədiyi və ortaq hədəflər naminə konstruktiv əməkdaşlığın hərkəs tərəfindən dəstəkləndiyi yeni münasibətlər sistemi formalaşdırılıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə yaradılmış dialoq masası siyasi partiyalar arasında fikir mübadiləsinin aparılmasının və qarşılıqlı anlaşmanın əsasını qoyulmasında mühüm addımdır. Ümumiyyətlə, siyasi partiyalar arasında qarşılıqlı anlayış yaratmaq üçün açıq və səmimi dialoq vacibdir. Bu, hər iki tərəf üçün müsbət nəticələrə gətirib çıxara bilər. Bütün bu addımların əsas hədəfi isə dialoqdan daha irəli gedərək konkret məsələlərdə konstruktiv əməkdaşlığa nail olmaqdır. Bu cür əməkdaşlıq siyasi partiyaların xalqa və dövlətə xidmət edərək cəmiyyətin rifahını prioritet olaraq qəbul etməsinə kömək edir. Hər partiya öz təkliflərini irəli sürsə də, əsas məqsəd xalqın rifahıdır və dövlətçiliyin qorunmasıdır. Ona görə də, siyasi platformada dialoqun dərinləşdirilməsi imkanlarının təşviq edilməsi və birgə fəaliyyət nümunəsi olaraq müxtəlif layihələrin həyata keçirilməsi artıq ənənə halını alıb və bu ənənə qarşılıqlı etimadı möhkəmləndirən bir çox amilləri özündə ehtiva efir. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərlərinin, tanınmış politoloqların və media nümayəndələrinin birgə iştirakı ilə işğaldan azad olunmuş bölgələrə səfərlərin təşkil olunması da məhz bu ənənəvi addımlar sırasında önəmli xarakter daşıyır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə 6 mart tarixində Əsgəran, Xocalı və Xankəndinə təşkil olunmuş növbəti - altıncı səfər də məhz bu ənənənin davamı olaraq mühüm əhəmiyyət kəsb edir. Ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin, tanınmış politoloqların və media nümayəndələrinin iştirakı ilə Əsgəran, Xocalı və Xankəndinə təşkil olunmuş bu səfər çərçivəsində Əsgəran qala kompleksini ziyarət etmək, Xocalı Soyqırım memorialında görülən işlərlə tanış olmaq imkanı yaradılıb. Həmçinin Xənkəndində olan siyasilər Müzəffər Ali Baş Komandanın rəhbərliyində Zəfər paradının keçirildiyi meydanda olublar. Zəfər meydanında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iştirakçıların qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı surətdə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında məlumat verdi. Administrasiya rəsmisi qeyd etdi ki, Xankəndi şəhərində Zəfər meydanında ölkənin bütün əsas siyasi partiyalarının bir yerdə toplanması da Azərbaycanın siyasi tarixində əlamətdar hadisə kimi dəyərləndirilməlidir.

İstisnasız olaraq qeyd edə bilərik ki, birlik və bərabərliyin simvolu olan bu səfərin önəmi kifayət qədər böyükdür. Cənab Prezidentin təşəbbüsü ilə əsası qoyulmuş yeni siyasi münasibətlər sisteminin dövlətçilik və milli maraqlarımızın müdafiəsi naminə fərqliliklərin ortaq hədəflərə çevrilməsini təşviq etdiyinin bariz nümunəsidir. İyirmi dörd siyasi partiyanın rəhbərlərinin Zəfər meydanında olmasının verdiyi mesajların əsas mahiyyəti də məhz ondan ibarət idi ki, belə konstruktiv əməkdaşlığın və dialoqun olduğu mühitdə dövlət maraqlarını hər zaman şəxsi ambisiyalardan üstün tutmağı bacaranlar ola bilər. Bu da etibarlı tərəfdaşlığı şərtləndirən ən vacib xüsusiyyətdir”.

Ayşən Vəli

Chosen
2
1
sia.az

2Sources