“Araz-Naxçıvan”ın hücumçusu Ülvi İsgəndərov apasport.az saytına müsahibə verib.
- Komanda son turda "Sabah"la bərabərə qaldı. Hesabdan razısınız?
- Əlbəttə ki, bu görüşdə qələbə qazanmaq istəyirdik. Bütün matçlarda əsas məqsədimiz budur. "Sabah"la oyuna qələbə üçün yollanmışdıq. Amma bərabərə qaldıq. Məncə, "Sabah" səfərindən bir xalla qayıtmaq yaxşı nəticədir.
- Komanda 2 dəfə məğlub vəziyyətə düşsə də, hər dəfə hesabı bərabərləşdirməyi bacardınız. Üçüncü qol üçün nə çatmadı?
- Oyunda uduza da bilərdik. Qalib gəlmək şansımız da az deyildi. Hər iki komanda açıq futbol oynayırdıq. Düşünürəm ki, ədalətli nəticə qeydə alındı.
- "Araz-Naxçıvan"ın 2-ci qolunu vurdun, amma bir neçə epizodun da var idi. Səncə, daha çox qol vurmaq mümkün idi? Start heyətində meydana çıxmışdın. Bunun hansısa təzyiqini hiss edirdin?
- Düzdür, epizodlarım var idi. Daha çox oynadıqca inanıram ki, daha faydalı olacam. Komandam üçün təzyiq hiss etmirəm. Meydana çıxdıqda da daim komandanın uğuru üçün çalışıram.
- Ramon Maçadonun yoxluğu sənin üçün də yaxşı şans oldu. Səncə, bundan yaxşı yararlana bildin?
- Ramon Maçado həqiqətən də çox yaxşı futbolçudur. Əlbəttə ki, onun yoxluğu bizim üçün çətin gəlir. Allah qoysa, tezliklə aramıza qayıdar. Amma bunu özüm üçün fürsət adlandırmazdım. Hər futbolçu oynamaq istəyir. Amma mən elə biriyəm ki, kiminsə pisliyini, zədələnməsini heç vaxt istəmərəm. Yəni öz yaxşılığıma görə kiminsə zədələnməsini arzulamıram.
- "Araz-Naxçıvan" ölkə çempionatında sonuncu dəfə 20-ci turda qələbə qazana bilmişdi. Səncə, nəyə görə komanda artıq 5 turdur ki, qalib gələ bilmir?
- Zədəlilərimiz çoxdur. Bununla da əlaqəli ola bilər. Amma komandada əhval-ruhiyyə çox yaxşıdır. Allah qoysa, növbəti oyunlarda qələbələri sıralayacağıq.
- "Araz-Naxçıvan" hazırda 3-cü pillədədir və 2-ci pillədəki "Zirə"dən 5 xal geridədir. Necə düşünürsən, mövsümü ən azından 2-ci pillədə başa vurmaq mümkün olacaq? Yoxsa, komanda üçün vacib olan avrokuboklara vəsiqə qazanmaqdır?
- Maksimum gücümüzü ortaya qoyacağıq. Açığı, Avropaya yollanmağımız Premyer Liqadan daha real görünür. Kubokda da finala çıxmaq üçün sona qədər mübarizə aparacağıq. Necə alınacağını zaman və oyunlar göstərəcək. Biz ən yaxşısı üçün çalışacağıq.
Azərbaycan - Haiti oyununun biletləri satışa çıxarılıb
Günün oyunları bu kanallarda
AFFA hakimlər otağına girən baş məşqçini cəzalandırıb
"Zirə"nin ulduzu "Fənərbaxça"ya doğru - Mourinyo şəxsən istəyir
“Sumqayıt” Azərbaycan millisinə qarşı