EN

Arkadi Qukasyan Bakıda məhkəmədə “böyük Ermənistan” ideologiyası ilə razısınızmı?” sualına belə cavab verdi: "Çoxdandır nağıllara inanmıram" - FOTOLAR

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 10-da davam etdirilib.

Mia.az Azərtac-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.

Əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyana dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən suallar verilib.

O, suallara cavabında “Sovet Ermənistanı” qəzetində redaktor müavini vəzifəsində çalışdığını bildirərək deyib: “Mən Qarabağ münaqişəsinə aid mövzularda yazırdım. Qəzet 1991-ci ilədək çıxdı. O vaxtdan sonra qəzet nəşr olunmayıb”.

Arkadi Qukasyan qanunsuz hərəkətləri qınadığını vurğulayaraq bildirib: “Mənim fikrimcə, qadını, uşağı və ya ahıl insanı öldürən şəxs insan deyil. Söhbət onun milliyyətindən getmir”.

Prokurorun “böyük Ermənistan” ideologiyasına dair sualına cavabında A.Qukasyan bu ideyanı nağıl adlandıraraq qeyd edib: “Çoxdandır “böyük Ermənistan”la bağlı nağıllara inanmıram. “Böyük Ermənistan” ideyası nağıldır. Mən real həyatda yaşayıram, mən heç vaxt buna real yanaşmamışam".

A.Qukasyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Ermənistan Respublikasının keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışıb. O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdə əsas çıxışçının Arkadi Manveloviç Manuçarov olduğunu bildirərək deyib: “Robert Köçəryanın çıxışları yadımda deyil. Biz rus dilində təhsil aldığımız üçün mənim kimi, onun da ədəbi erməni dili ilə bağlı problemi var idi. Ola bilər ki, o, mitinqin təşkilatçılarından olub, çünki “Krunk” təşkilatının üzvü idi”.

Təqsirləndirilən şəxs Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında etiraf edib ki, Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub.

O, kəndlərdə və şəhərlərdə silahlanmanın olduğunu bildirərək qeyd edib: “Silahların bir hissəsi dislokasiya olunmuş sovet hərbi hissələrindən idi. Bundan başqa, Ermənistandan silah tədarükü var idi. Silahlanma ilə bağlı əsas istiqamətlər bunlar idi”.

Ardınca təqsirləndirilən şəxs Davit İşxanyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırıb.

Digər təqsirləndirilən şəxs Arayik Harutunyan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında deyib ki, Qarabağ hadisələri başlayanda 14 yaşı olub. O, məktəbli olduğu üçün qanunsuz mitinqlərdə iştirak etmədiyini, lakin həmin mitinqlərdə çıxış edən şəxslər barədə məlumatlı olduğunu, onları tanıdığını bildirərək deyib: “Bilirəm ki, Qurgen Qabrelyan, Vartan Akopyan, Haraçı Beqlaryan adlı yazıçılar mitinqlərdə çıxışlar edirlər. Yazıçılardan Qurgen Qabrelyan uşaq şairi idi, bu qədərini bilirdim”.

A.Harutunyan suallara cavabında qanunsuz silahlı birləşmələrin bir hissəsinin adını eşitdiyini qeyd edərək, “Arabo” batalyonundan danışıb: “Sizin saydığınız siyahıdan mən 30 faizinin adını eşitmişdim. “Arabo”, “Arami”, “Böyük Tiqran”, “Sasunçi David” haqqında bilirdim. Bilirdim ki, hansısa döyüş əməliyyatlarında iştirak ediblər. Daha çox “Arabo” haqqında bilirəm. Onun komandirlərindən birinin adı Manvel olub. Onunla təmasım 2020-ci ildən sonra başlayıb”.

Təqsirləndirilən şəxs Davit Babayan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında qondarma rejimin “ordusu”nun müxtəlif silahlı birləşmələrdən təşkil olunduğunu, lakin özünün həmin proseslərdə iştirak etmədiyini bildirib. O, Arayik Harutunyanla 1990-cı ildə tanış olduğunu deyib.

Chosen
34
7
mia.az

10Sources