Martın 10-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan prokurorların suallarını cavablandırıb.
“Qafqazinfo”nun məlumatına görə, o, dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında deyib ki, Qarabağ hadisələri başlayanda 14 yaşı olub.
Arayik məktəbli olduğu üçün qanunsuz mitinqlərdə iştirak etmədiyini, lakin həmin mitinqlərdə çıxış edən şəxslər barədə məlumatlı olduğunu, onları tanıdığını bildirərək deyib:
“Bilirəm ki, Qurgen Qabrelyan, Vartan Akopyan, Haraçı Beqlaryan adlı yazıçılar mitinqlərdə çıxış edirdilər. Yazıçılardan Qurgen Qabrelyan uşaq şairi idi, bu qədərini bilirdim”.
A.Harutyunyan suallara cavabında qanunsuz silahlı birləşmələrin bir hissəsinin adını eşitdiyini qeyd edərək, “Arabo” batalyonundan danışıb: “Sizin saydığınız siyahıdan mən 30 faizinin adını eşitmişdim. “Arabo”, “Arami”, “Böyük Tiqran”, “Sasunçi David” haqqında bilirdim. Bilirdim ki, hansısa döyüş əməliyyatlarında iştirak ediblər. Daha çox “Arabo” haqqında bilirəm. Onun komandirlərindən birinin adı Manvel olub. Onunla təmasım 2020-ci ildən sonra başlayıb”.