1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi "Demokratik Azərbaycan Naminə" İctimai Birliyinin sədri, tədqiqatçı Elməddin Behbud olub. O, Qərbi Azərbaycanın Zəngəzur mahalından - Qarakilsə rayonunun Vağudi kəndindən söhbət açıb. Bildirib ki, Vağudi Qarakilsə rayonunun ən qədim və böyük yaşayış məntəqələrindən biridir. Burada tarixən Azərbaycan türkləri yaşayıblar. Kəndin yaxınlığındakı qədim Alban məbədi bu tarixi gerçəkliyi özündə nümayiş etdirən əsas abidələrdən biridir.
Tədqiqatçının fikrincə, tarixi mənbələr sübut edir ki, Vağudidə 1918-ci ilə qədər heç bir erməni məskunlaşmayıb. Azərbaycanlıların 1918-1920-ci illər soyqırımından sonra bu yaşayış məntəqəsinə Türkiyə və İrandan onlarla erməni ailəsi köçürülüb. Nəticədə, Vağudi ermənilərlə azərbaycanlıların qarışıq yaşadığı kəndə çevrilib. 1988-ci ildə isə kəndin azərbaycanlı əhalisi növbəti dəfə soyqırımı və deportasiyaya məruz qalıb, öz ata-baba yurdundan tamamilə qovulub və nəticədə, kənd bütövlükdə erməniləşdirilib.
QHT sədrinin sözlərinə görə, həyasızlıqda heç bir sərhəd tanımayan ermənilər Azərbaycan türklərinə məxsus maddi-mədəniyyət abidələrini məhv etməyə, saxtalaşdırmağa, özlərinə uydurma tarix yaratmağa başlayıblar. Bu kontekstdə onlar Qərbi Azərbaycanın, o cümlədən Vağudinin əzəli sakinləri olmalarına dair əsassız iddialar da ortaya qoyublar.
Ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımılara xüsusi diqqət çəkən müsahib vurğulayıb ki, daşnaklar Zəngəzurda bir çox kəndləri dağıdıb, günahsız əhaliyə divan tutublar. 1918-ci ildə Qarakilsədə bu qırğınlardan canını qurtarmaq üçün məscidə sığınan 400 azərbaycanlı diri-diri yandırılıb. Ümumilikdə hər bir kənddə ən azı 700 azərbaycanlı qəddarlıqla qətlə yetirilib.
E.Behbud müəllifi olduğu və bir müddət əvvəl təqdimatını keçirdiyi "Mücahid ömrü Məhəmmədsadıq Aran" kitabından da danışıb. Deyib ki, böyük zəhmət hesabına ərsəyə gələn tədqiqat əsəri Azərbaycanın atəşli istiqlalçısı, Türkçü cəbhənin yorulmaz mücahidi Məhəmmədsadıq Aran şəxsiyyətini geniş ictimaiyyətə çatdırmağa xidmət edəcək. QHT sədrinin sözlərinə görə, M.Aran Türk dünyasının ən böyük şəxsiyyətlərindən biridir və istər sovetlər birliyi dövründə, istərsə də müstəqilliyimizin yenidən bərpasından indiyə qədər ötən vaxt ərzində onun fəaliyyəti dərindən araşdırılmayıb. Ona görə də bu kitab həmin boşluğun aradan qaldırılmasında mühüm rol oynayacaq.
E.Behbud 1988-ci il deportasiyası zamanı ailəsinin üzləşdiyi çətinlikləri, ata-baba yurdu barədə xatirələrini də dilə gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: