EN

“Sumqayıt” ən uzun qolsuz oyunlar seriyasında ikinci göstəricini təkrarlayıb

“Sumqayıt”  Azərbaycan çempionatları tarixində ən uzun qolsuz oyunlar seriyasında ikinci göstəricini təkrarlayıb.

"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXVI turunda “Kəpəz”lə matçda (3:0) reallaşıb.

Sumqayıtın eyniadlı klubu sonuncu dəfə 2024-cü il dekabrın 8-də “Neftçi” ilə ev qarşılaşmasında (2:0) fərqlənmişdi. Cordan Rezabalanın 43-cü dəqiqədəki qolundan sonra “Sumqayıt” “Qarabağ” (0:5), “Kəpəz” (0:0), “Səbail” (0:2), “Sabah” (0:0), “Araz-Naxçıvan” (0:0), “Şamaxı” (0:1), “Zirə” (0:3), “Neftçi” (0:1) və yenidən “Qarabağ”la (0:2) üz-üzə gəlib. Həmin topdan 92 gün sonra 876 dəqiqəlik seriyaya Roi Kehat son qoyub. Ardınca dublunu da rəsmiləşdirən 33 yaşlı israilli yarımmüdafiəçi Premyer Liqada 10-cu qolunu vurub. O, 59 matçda buna nail olub.

Vaqif Cavadovun yetirmələri bunadək ardıcıl 9 görüşdə qol vurmamışdı. Antirekord 2015/2016 mövsümündə ardıcıl 15 tur qol vura bilməyən “Xəzər Lənkəran”a məxsusdur. 2001/2002 və 2003/2004 mövsümlərini əhatə edən müddətdə 9 oyun qol vurmayan “Dinamo” (sonradan “Bakı”) “Sumqayıt”la eyni seriya yaşayıb.

Chosen
52
4
report.az

8Sources