EN

Yel çərşənbəsi təbiətin canlanmasını, ona verilən nəfəsi və ruhu simvolizə etməkdədir

Bakı, 11 mart, AZƏRTAC

Xalqımızın yaz fəslini qarşılaması bayramlarla müşayiət olunur. Bahar bayramı olaraq əsrlərlə xalqımızın yüksək əhvali-ruhiyyə ilə qeyd etdiyi Novruz bayramı öncəsi dörd ilaxır çərşənbə qeyd olunur, böyük bayrama hazırlıqlar görülür. Bu hazırlıqlar dörd ilaxır çərşənbədə hissə-hissə yerinə yetirilir. Dörd ilaxır çərşənbənin hər birində bayrama aid olan adətlərin bir hissəsi icra edilir. İlaxır çərşənbələrin sırasında yer tutan üçüncü çərşənbə - Yel çərşənbəsi adlanır. Yel çərşənbəsi yaradılışın əsasında duran ilk dörd ünsürdən biri olan küləyi, havanı simvolizə edir. Əski görüşlərə görə bahar bayramındakı böyük dirilişə qədər dörd əsas ünsür yaradılır. Su və od yaradıldıqdan sonra yel yaradılıb. Suyun, odun və havanın hər birinin bir yaradılış başlanğıcı olaraq qəbul edilməsi onlara müqəddəslik məzmunu qazandırıb. Havanın həyat üçün zəruri bir ünsür olduğu məlumdur. Dünya, təbiət və insan bu dörd ünsürdən sonra yaradılıb. Bu yaradılış ünsürlərini dərk etmiş qədim xalqımız bu günləri müqəddəs sayıb və onu bayram edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlil deyib.

Alim bildirib ki, Yel çərşənbəsi ilaxır çərşənbənin üçüncüsüdür. O, xalq arasında “Külək oyadan çərşənbə ” “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınır. Çərşənbələrin bölgələrimizdə müxtəlif adları olduğunu bilirik. Şuşada üçüncü tək deyilir, Qazax-Ağstafa bölgəsində “Küllü çərşənbə” deyilir. Oddan sonra küləyin yaranması ocağın külünü sovurmuşdur. Xalq düşüncəsində müəyyən təbiət hadisələri öz izahını mərasimlərdə tapmışdır. Mövsüm mərasimləri içərisində Yel çərşənbəsi də qeyd olunmuşdur. Bu çərşənbədə bir sıra fallar, sınamalar icra edilmişdir. Yel çərşənbəsində “qapıpusma adəti”, “üzük falı” kimi adətlər mövcud olmuşdur. Bu çərşənbədə tonqal qalanmaz. Təbiət bu çərşənbə günlərində küləkli olur və yuxuya gedən təbiəti silkələyib oyadır.

Yellə bağı atalar sözləri:

“Yelə tüpürsən öz üstünə qayıdar.

Yel qayadan nə aparar?

Yelnən gələn selnən gedər.

Yel əsib qoz tökülüb”

Yellə bağlı tapmacalar:

“Hər yan ələk – vələkdir,

İsti tamam kələkdir

Dəyirmana can verər

Xırmana da gərəkdir”( yel).

Yellə bağlı inanclar:

Onun sözlərinə görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyyət elə və yel babanı çağır. Əgər yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını ağaca toxunsa diləyin yerinə yetər.

“Yel çərşənbəsi ilaxır çərşənbələrdən biri kimi qeyd olunur. Bayram adətlərinin bir çoxu ilaxır çərşənbənin sonuncusu və ya Novruz ətrafında cəmləşmişdir. Bununla yanaşı xalqımızın yaddaşından Yel inancı, havanın ilk ünsürdən biri olması və onun ruhla bağlılığı unudulmamışdır. Yel çərşənbəsində təbiəti oyatmaq üçün Yel baba mərasimləri keçirilmiş və bu mərasimlər vasitəsilə təbiətə təsir göstərəməyə çalışmışlar. Mifoloji çağdan qalan inanclar bizim ənənəvi mədəniyyətimiz içərisində öz izlərini qoruyub müasir dövrə qədər gəlib çatmışdır.

Yel çərşənbəsi təbiətin canlanmasını, ona verilən nəfəsi və ruhu simvolizə etməkdədir. Xalqımız ilaxır çərşənbələri baharın, yazın müjdəçiləri bilmiş, təbiətin dirilməsi, canlanması hadisəsi kimi bayram edib. Bu çərşənbədə dünyaya yeni bir nəfəs gəlib, insanlar bahar sevinci ilə nikbinlik ehtiyatlarını artırıblar, xoş ovqatla, xeyirxah duyğularla zənginləşiblər”,-deyə Folklor İnstitutunun şöbə müdiri söyləyib.

Chosen
43
azertag.az

1Sources