EN

İlon Mask ardıcıl zərbələr aldı... - Tramp onu dəstəkləmək üçün "Tesla" alacaq

ABŞ prezidenti Donald Tramp baş direktor vəzifəsində İlon Maskın olduğu və səhmləri 15% ucuzlaşan "Tesla"ya dəstək vermək məqsədilə "Tesla" markalı avtomobil alacağını açıqlayıb. 

Valyuta.az xəbər verir ki, Hökumətin Səmərliliyi Agentliyinin (DOGE) rəhbəri təyin edilən Mask on minlərlə dövlət qulluqçusunun işdən çıxarılması və X.com platformasındakı paylaşımlarına görə ciddi tənqidlərə məruz qalır.

Donald Tramp ən böyük kampaniya donorlarından və müşavirlərindən biri olan Maskı dəstəklədiyini nümayiş etdirmək üçün yeni bir "Tesla" satın alacağını bildirib.

AFP-nin məlumatına görə, Tramp çərşənbə axşamı gecə yarısından dərhal sonra "Truth Social" platformasında paylaşım edərək, "Respublikaçılara, mühafizəkarlara və bütün böyük amerikalılara səslənirəm: İlon Mask ölkəmizə yardım etmək üçün hər şeyi ortaya qoyur və fantastik bir iş görür!", deyib.

Tramp ABŞ-dakı solçu qrupları Maskı hədəfə almaqda ittiham edərək yazıb: "Sabah səhər İlon Maskı dəstəklədiyimi və ona etibar etdiyimi göstərmək üçün yeni bir "Tesla" alacağam. Mask həqiqətən, böyük bir amerikalıdır".

Yanvar ayında Ağ Evə qayıtdıqdan sonra Tramp Maskı DOGE rəhbəri təyin edərək ona federal hökumət xərclərini azaltmaq və dövlət qurumlarında ixtisarlar aparmaq səlahiyyəti verib. Lakin DOGE-nin qənaət proqramı etirazlarla və məhkəmə çəkişmələri ilə qarşılanıb. Maskın siyasəti nəticəsində indiyədək 60 mindən çox dövlət qulluqçusu işini itirib.

"Tesla" investorları isə Maskın fəaliyyətləri və Tramp ilə yaxın əlaqələri səbəbilə boykot və müştəri reaksiyalarından narahatdırlar. ABŞ-ın bir çox şəhərində "Tesla" salonlarının qarşısında etiraz aksiyaları təşkil olunur. "Tesla"nı sat, səhmini at" şüarı altında keçirilən aksiyalar Nyu-York, Boston kimi böyük şəhərlərlə yanaşı, Virciniya və İllinoys kimi ştatlarda da müşahidə olunur.

"Tesla"nın bəzi investorları Maskın Trampı və Avropadakı ifrat sağçı partiyaları açıq şəkildə dəstəkləməsindən və internetdə konspirasiya nəzəriyyələri yaymasından narahat olduqlarını bildiriblər.

Xüsusilə, Maskın Almaniyada keçirilən seçkilərdə X vasitəsilə ifrat sağçı AfD Partiyasını açıq şəkildə dəstəkləməsi ölkədə kəskin etirazlara səbəb olub. Bu hadisədən sonra Almaniyada "Tesla" satışları ciddi şəkildə azalıb. 2024-cü ildə "Tesla"nın bu ölkədəki satışları 2023-cü illə müqayisədə 76%-dən çox geriləyib.

Mask Almaniyanı yalnız AfD-nin xilas edə biləcəyini bildirmişdi. İfrat sağçı AfD Partiyası 23 fevralda keçirilən ümumi seçkilərdə təxminən 21% səs toplayaraq tarixi bir nəticə əldə edib. Lakin partiyanın koalisiya hökumətinə daxil olması gözlənilmir.

Trampın idxal rüsumları və digər iqtisadi siyasətləri ilə bağlı qeyri-müəyyənliklər ABŞ maliyyə bazarlarında qarışıqlığa səbəb olub və nəticədə "Tesla" səhmləri bazar ertəsi günü 15%-dən çox dəyər itirib.

Texnologiya sektorunun əsas indeksi olan "Nasdaq" "Apple", "Amazon" və "Tesla" kimi iri şirkətlərin səhmlərinin ucuzlaşması nəticəsində 4% geriləyib.

Bundan əlavə, dünyanın ən varlı şəxsi olan Mask sosial media platforması X-in bazar ertəsi günü genişmiqyaslı kiberhücuma məruz qaldığını açıqlayıb.

Paşa Məmmədli

Chosen
42
valyuta.az

1Sources